Bu gündən etibarən Gürcüstan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, 6 ay müddətinə davam edəcək və 15 may 2020-ci ilə başa çatacaq sədrliyi Gürcüstan Fransadan təhvil alacaq. Bu münasibətlə Gürcüstan XİN başçısı David Zalkaliani Strasburqda keçirilən mərasimdə iştirak edəcək və Avropa Şurasının gələcək sədri kimi Fransanın Avropa Məsələləri üzrə Dövlət Naziri Ameli dö Montsalendən simvolik açarı təhvil alacaq.
Sədrliyin Gürcüstana təqdim edilməsindən sonra Gürcüstan XİN başçısı Avropa Şurası Nazirlər Komitəsinə Gürcüstanın sədrliyinin prioritet istiqamətlərini təqdim edəcək. Nazirlikdən verilən məlumata görə, Gürcüstanın Avropa Şurasına prezidentliyi dövründə 4 prioritet istiqamət var. Bunlar insan hüquqları və ətraf mühitin qorunması, qərar qəbul edilməsində vətəndaşların iştirakı, uşaq mərkəzli ədliyyə – ədalətin bərpa edilməsində Avropa təcrübəsi, təhsil, mədəniyyət və gənclərin iştirakı ilə demokratiyanın gücləndirilməsidir.
Gürcüstanın sədrliyi dövründə Avropa Şurasının 20-dək tədbirinin təşkil edilməsi planlaşdırılır.
©APA