Yol infrastrukturu üzrə də bir sıra işlər görülüb. Avtobusların, təcili tibbi yardım və yanğınsöndürən maşınların tıxaclarda qalmaması, eyni zamanda, fasiləsiz hərəkətini təmin etmək üçün yollarda xüsusi zolaqlar ayrılıb. Bundan əlavə, 2018-ci ildə taksi xidmətinə dair yeni tələblər müəyyənləşdirilib. Bu tələblərdə şəhərdə və hava limanında hansı növ taksilərin fəaliyyət göstərməsi, tariflər əksini tapıb. Cənab Prezident, biz bu ilin birinci yarısında bütün marşrut xətlərində işləyən avtobuslarda ödənişin kart sistemi ilə aparılmasını təmin edəcəyik.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda deyib.
“Bu isə Sizin tapşırdığınız kimi, kölgə iqtisadiyyatının, eyni zamanda, qeyri-formal iş rejiminin aradan qaldırılmasına, sürücülərin 8 saatdan artıq işləməsinin qarşısının alınmasına, ictimai nəqliyyatdakı dövriyyənin şəffaflaşmasına imkan yaradacaqdır.”