28 C
Baku
Saturday, July 27, 2024

Bu il karbohidrogenlərin satışından ARDNF-nin xalis gəliri 39 % azalacaq

2021-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) karbohidrogenlərin satışından əldə ediləcəyi xalis gəlirləri 6 mlrd 439 mln 325,7 min manat səviyyəsində gözlənilir.

Bu barədə Azərbaycan Dövlət Neft Fondunun 2021-ci il büdcəsində bildirilir.

Məlumata görə, bu, 2020-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 4 mlrd 124 mln 078,8 min manat və ya 39,04 % azdır.

Bura karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlir istisna olmaqla daxildir.

2021-ci ildə Neft Fonduna karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri 4 mln 146,3 min manat olacağı gözlənilir ki, bu da 2020-ci ilin proqnoz göstəricisindən 545,8 min manat və ya 11,63 % azdır.

Bu il Azərbaycanda neftin və qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlirin 21 mln 930 min manat səviyyəsində olacağı planlaşdırılır ki, bu da 2020-ci ilin büdcə göstəricilərindən 255 min manat və ya 11,63 % çoxdur.

Həmçinin 2021-ci ildə Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirin 759 mln 717,1 min manat olacağı gözlənilir ki, bu da ötən ilin büdcə göstəricisindən 271 mln 554,6 min manat və ya 26,33 % azdır.

2021-ci ildə neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonusların həcmi isə 776 mln 050 min manat olacağı gözlənilir. Bu, 2020-ci ilin proqnoz göstəricisindən 1 mln 071 min manat və ya 1,4 % çoxdur.

Qeyd edək ki, Dövlət Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2021-ci ildə ARDNF-nin gəlirləri 8 mlrd 001 mln 169,1 min manat, xərcləri isə 12 mlrd 249 mln 435,5 min manat məbləğində təşkil etməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər