2 C
Baku
Saturday, December 14, 2024

Bu il Orta Dəhlizdə dar boğazlar aradan qaldırılacaq

Bu il Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) boyunca yükdaşımalarının həcminin artırılması üçün dar boğazların aradan qaldırılması hədəflənir.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz boyunca yük daşımalarında müsbət dinamika gözlənilir: “Bu ilin I rübündə Azərbaycanın tranzit yükdaşımalarının həcmi 4 milyon ton olub. İlin sonuna bu göstəricinin 16 milyon tonu keçməsi planlaşdırılır”.

F.Əliyev qeyd edib ki, Orta Dəhliz boyunca lazımi qədər investisiya yatırılıb, Qazaxıstanın Aktau şəhərində keçirilən Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşündə Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi” imzalanıb.

“Orta Dəhliz boyunca yükdaşımaların həcminin artırılması üçün tərəfdaş ölkələrlə birlikdə çalışırıq. Bu istiqamətdə birgə təşəbbüslər mühüm əhəmiyyətə malikdir”, – deyə şöbə müdiri əlavə edib.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

2023-cü ildə bu marşrutla 2.7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86% çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər