İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu bu gün Biləsuvar rayonunun İsmətli kəndində keçirib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda 100-ə yaxın sahibkar iştirak edib.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu il ərzində 5 100-ə yaxın sahibkara 211,7 mln. manat güzəştli kredit verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 11600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir”.
O qeyd edib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11 700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 466 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib”.
İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkara 2 mln. manatdan çox güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, əkinçilik, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək.