Sabah Kürdəmir və Lənkəran rayonlarında qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, sabah saat 09:00-dan “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli magistral qaz kəmərindən “Sığırlı” QPS-nə çəkilmiş qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi və saat 10:00-dan “Xarxatan qol” yüksək təzyiqli qaz kəmərində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, “Xarxatan” və “Sığırlı” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-bərpa işləri aparılan müddətdə Kürdəmir rayonunun (rayonun 39 kəndi, 2 qəsəbəsi və 55 qeyri-yaşayış sahəsi) və Lənkəran rayonunun (Liman şəhəri və rayonunun 13 kəndi və 78 qeyri-yaşayış sahəsi) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.