“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəməsi – “Buta Airways” şirkəti gələn aydan Bakıdan Türkiyənin İstanbul və İzmir şəhərlərinə yerinə yetirdiyi xüsusi reyslərin sayını tədricən artırmağı planlaşdırır.
Bu barədə AZAL-a istinadən xəbər verilir.
Məlumata görə, uçuşların sayının artırılması sərnişinlərə həmin marşrutlar üzrə biletləri rəqabətədavamlı və münasib qiymətə əldə etmək imkanı yaradacaq. Bakıdan İzmirə və geri reyslərin sayı həftədə 3 dəfədən 4 dəfəyə qədər artırılacaq. Aprelin 20-dən etibarən isə Bakı-İstanbul-Bakı istiqamətində uçuşlar hər gün yerinə yetiriləcək.
Reyslər Türkiyənin Sabiha Gökçen (İstanbul) və Adnan Menderes (İzmir) hava limanlarına yerinə yetiriləcək.
Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.
Qeyd edilən reyslərə biletlər “Buta Airways” aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.
Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.