Prezident Bolqarıstanla əlaqələri genişləndirmək niyyətində olduğunu açıqlayıb.
“Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra olunur”. Bunu Bolqarıstanın xarici işlər naziri Daniel Mitovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən prezident İlham Əliyev deyib.
Prezident Bolqarıstanın prezidenti Rosen Plevneliyev və Baş nazir Boyko Borisov ilə həm Bolqarıstanda, həm Azərbaycanda keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq bu görüşlərin müntəzəm xarakter daşımasının önəmini qeyd edib. Dövlət başçısı Bolqarıstanın Azərbaycanın yaxın dostlarından biri olduğunu deyib. Onun sözlərinə Azərbayacan Bolqarıstan ilə iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir. O, Bolqarıstanın “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edib.
Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq planlarını dəstəklədiyinə görə Bolqarıstana təşəkkürünü bildirib. Avropa İttifaqı ilə danışıqların uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirən dövlətimizin başçısı strateji əhəmiyyət daşıyan əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Ölkələr arasında səmimi, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin önəmini vurğulayan İlham Əliyev son vaxtlar Bolqarıstan ilə Azərbaycan arasında mədəniyyət sahəsində də fəal əməkdaşlıq aparıldığını qeyd etdi.
Dövlət başçısı Bolqarıstanın xarici işlər naziri Daniel Mitovun ölkəmizə səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirib.
Bolqarıstanın xarici işlər naziri Daniel Mitov göstərilən qonaqpərvərliyə görə dövlət başçısına minnətdarlıq edib. Ölkələr arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayan Bolqarıstanın xarici işlər naziri dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını dedi və əlaqələrimizi bu istiqamətdə gücləndirməyin zəruriliyini qeyd edib.
Enerji layihələrindən danışan bolqarıstanlı nazir “Cənub Qaz Dəhlizi” layihəsinin ölkəsi üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq bu layihənin təkcə Azərbaycan ilə Bolqarıstan arasında deyil, eləcə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsi üçün imkanlar açacağına əminliyini bildirib.
Görüşdə kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
ANS PRESS