Cənubi Koreyada prezident Li Çje Men ilə bağlı narazılıq artır. Onun andiçmə mərasimindən bir il sonra ilk dəfə olaraq fəaliyyətini bəyənməyənlərin payı 49,7%-ə yüksəlib. Eyni zamanda, indiyədək heç vaxt 50%-dən aşağı düşməyən dəstək reytinqi 46,7%-ə enib. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Realmeter” analitiklərinin fikrincə, reytinqlərin enməsinin əsas səbəbi iyunun 3-də keçirilən yerli seçkilərdə seçki bülletenlərinin çatışmazlığı ilə bağlı qalmaqal olub. Bu hadisə artıq Mərkəzi Seçki Komissiyasının rəhbərinin istefasına və cinayət işlərinin açılmasına səbəb olub.
Sosioloqlar digər amillər kimi hakim Demokratik Partiya daxilində fikir ayrılıqlarının dərinləşməsini, həmçinin siyasi baxımdan mötədil seçicilər və paytaxt regionunun sakinləri arasında aktivlər bazarında artan bərabərsizlik səbəbindən narazılığın yüksəlməsini göstərirlər. Bu narazılıq KOSPI indeksinin rekord həddə — 9 min bənddən yuxarı qalxmasına baxmayaraq artır.
Cənubi Koreya prezidentinin administrasiyası araşdırmanın nəticələrini ciddi və “təvazökarlıqla” qəbul etdiyini bildirib. Rəsmilər xüsusilə iqtisadiyyat və əhalinin həyat səviyyəsi ilə bağlı məsələlərdə vətəndaşların fikirlərinə daha diqqətlə yanaşacaqlarını vurğulayıblar.







