Bəzilərinin qarışdırdığı məsələlərdən biri də cari hesab ilə depozit hesabının fərqidir. Əslində hər ikisi də sizin banka yerləşdirdiyiniz vəsaitdir. Lakin bankın qoyduğu şərtlərdən asılı olaraq hər ikisi fərqli şəkildə istifadə olunur.
Xatırladaq ki, Banker.az saytı olaraq ötən yazılarımızda həm cari hesab, həm də depozitlər haqqında kifayət qədər məlumatlar paylaşmışıq. Lakin bu dəfə daha aydın izah etmək üçün hər ikisinin fərqli cəhətlərini paylaşacağıq.
Cari hesab?
Cari hesab hər bir müştərinin adına açılır. Bu hesabdan pul vəsaitlərinin saxlanılması və nağdsız hesablaşmalar aparmaq üçün, pul köçürmələrinin alınması və göndərilməsi üçün istifadə edilir.
Cari hesab sizə aşağıda qeyd olunan punktları həyata keçirməyə imkan yaradır.
- pul vəsaitlərinin saxlanılması;
- nağd pul vəsaitlərinin hesaba mədaxil edilməsi və hesabdan çıxarılması;
- istənilən məqsəd (o cümlədən, bütün növ mal və xidmətlərin dəyərinin ödənilməsi) üçün pul vəsaitlərinin köçürülməsi;
- pul köçürmələrinin alınması və göndərilməsi;
- istənilən valyutada konvertasiya əməliyyatlarının keçirilməsi; əmanətlər üzrə faizlərin alınması;
- ölkə qanunvericiliyində cari hesablar üçün nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi.
Depozit nədir?
Depozit fiziki və hüquqi şəxslərin bankda saxlanılan pul vəsaitləridir. Bu vəsaitlər əmanətçiyə bankla imzalanmış müqavilədə əks olunan uçot faizləri formasına müəyyən gəlir qazandırır. Depozit həm banka, gəm də əmanətçiyə eyni anda fayda verir: əmanətçi artıq dediyimiz kimi, müəyyən faizlər əldə edir, bankın isə xeyri onda olur ki, o, əmanətçinin pulunu dövriyyəyə buraxa bilir. Depozitləri adətən bir neçə növə bölürlər. Bu bölgü depozitlərə əlavə yatırım edilməsinin mümkünlüyü, depozitin müddəti, faizlərin hesablanma metodu, həmçinin depozitin vaxtından əvvəl götürülməsi kimi nüanslara əsaslana bilər.
Onu da qeyd edək ki, hazırda yeni qüvvəyə minmiş qərara əsasən banklara yerləşdirilən əmanətlərin 12%-ə qədəri sığortalanır.
Cari hesab və depozitin fərqli cəhətləri:
Cari hesabda və ya bankda depozit hesabınızda olan pullar sizin şəxsi vəsaitlərinizdir. Lakin siz cari hesabınızda olan vəsaiti istədiyiniz zaman çıxara və yaxud istədiyiniz ödənişləri edə bildiyiniz halda, depozit hesabınızda bunları etməyiniz mümkün deyil. Çünki, banka depozit kimi qoyduğunuz pullar ilə heç bir əməliyyatların aöarılması mümkün deyil. Həmçinin siz istədiyiniz zaman bankdan pulunuzu çıxartdıqda, bank sizin depozitiniz üçün tətbiq etdiyi faizləri ödəməyə bilər.
Göründüyü kimi, depozit hesabı sadəcə pulunuzu yığmaq üçün,cari hesab isə hesabınızda olan vəsaiti onlayn, kart və yaxud nağd şəkildə çıxarıb xərcləməyiniz üçündür.