Yəqin ki, son dövrlərdə bankların KİV-lərdə yayımlanan reklam çarxlarında “cash – back” termini ilə tez-tez rastlaşırsınız. “Cash – back” bank kartlarına tətbiq edilən xüsusi bir loyallıq proqramıdır və kartdan istifadə zamanı istifadə edilmiş məbləğin bir hissəsinin (bu əsasən faiz nisbətində ifadə olunur) kart hesabına nağd şəkildə geri qayıtmasıdır. Ümumiyyətlə kart biznesində uğurlu olan Banklarda bu tip loyallıq proqramları bir neçə ildir ki, tətbiq edilir. Bunlara misal olaraq, YapıKredi Bankdan “Worldcard Bal”, Bank of Bakudan “Bolkart Bal”, Bank Respublikadan “Paykart Bonus” sistemlərini göstərə bilərik. Lakin qeyd edilən loyallıq proqramlarında “cash-back” proqramından fərqli olaraq karta geri qaytarılan vəsait nağd pul şəklində deyil, BAL və ya BONUS şəklində əks olunurdu. Əlavə olaraq da müvafiq bonus və ballardan yalnız POS vasitəsilə alış-verişlər zamanı istifadə etmək mümkün idi. Etiraf etmək lazımdır ki, müştəri prizmasından baxdıqda bal və bonus sistemi ilə müqayisədə cash-back sistemi daha cazib görünür. Çünki müştəri psixologiyasında məhdudiyyətlər heç də müsbət qarşılanmır. Monitorinq qrupumuz oxucularının maraqlarını nəzərə alaraq bu dəfəki araşdırmasını “cash-back” funksiyası olan Bank kartları haqqında edib. Bir məqamı xüsusilə vurğulamaq istərdik ki, cash-back qazanılması zamanı 2 cür hesablama mövcuddur: partnyor və qeyri-partnyor müəssisələrdə qazanılan “cash-back”. Partnyor müəssisələrdə “cash-back” faizi adətən yüksək olur (hətta 45%-dək). Lakin qeyri-partnyor müəssisələrdə bu göstərici cüzi olur, bəzən isə heç olmur. Həmçinin qeyd etmək istərdik ki, nağdlaşdırma və ona bərabər tutulan əməliyyatlar (online ödənişlər, card to card) zamanı “cash-back” hesablanmır. Müvafiq şərtlərlə daha detallı olaraq aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
Bankın adı | Hansı kartlara cash-back hesablanır? | Partnyor mağazalarda göstərici | Qeyri-partnyor mağazalarda göstərici |
Express Bank | Banka məxsus bütün kartlara | Partnyordan asılı olaraq maksimum 20% | 0.3% |
Kapital Bank | “Birkart – CashBAck” kartına | Partnyordan asılı olaraq maksimum 30% | 1.5% |
Unibank | Banka məxsus bütün kartlara | Partnyordan asılı olaraq maksimum 30% | 0.3% |
Accessbank | Banka məxsus bütün kartlara | Partnyordan asılı olaraq maksimum 12% | hesablanmır |
Bank VTB | “Bakı – Moskva” kartına | Yalnız xarici ölkələrdə 100 AZN ekvivalentindən yuxarı olan əməliyyatlar üzrə məbləğin 0.5%-i karta geri qayıdır. |
Müvafiq layihələr üzrə partnyorların siyahısı ilə bankların saytlarında ətraflı tanış ola bilərsiniz. Monitorinq qrupumuzun mülahizəsinə əsasən hazırkı duruma görə Kapital Bankın “Birkart – CashbAck” kartı loyallıq baxımından, xüsusilə qeyri – partnyor müəssisələrdə olan cash-back göstəricisi (1.5%) ilə rəqiblərini qabaqlayır.