18 C
Baku
Tuesday, April 23, 2024

Ceyhun Bayramov İraqın xarici işlər nazirinin müavini ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov İraqın xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

Nazir iki xalq arasında mövcud olan tarixi bağlar əsasında inkişaf edən ikitərəfli münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə inkişafını vurğulayıb. İki ölkə arasında siyasi dialoqun səviyyəsindən məmnunluqla danışan nazir, İraqlı həmkarı ilə ötən il ərzində müxtəlif beynəlxalq təbirlər çərçivəsində görüşlərinə istinad edib. Keçən il Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının Bakıda keçirilməsinin, habelə İraqın neft nazirinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın genişlənməsinə müsbət töhvə verdiyi qeyd edilib.

Nazir, həmçinin qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların Azərbaycan tərəfindən icrası, azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin onilliklər sonra öz torpaqlarına geri dönməsi üçün lazımi işlərin görülməsi ilə bağlı məlumat verib.

İraqlı nazir müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah ikitərəfli münasibətlərin inkişafına verilən əhəmiyyəti qeyd edib. Mövcud siyasi dialoqun, o cümlədən xarici işlər nazirləri arasında təmasların intensivliyinin qorunub saxlanılmasının önəmli olduğu vurğulanıb. Məcburi köçkünlər, habelə dağıdılmış ərazilərin bərpası məsələsində İraqın təcrübəsinin olduğunu söyləyən nazir müavini, bu təcrübəni Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib. O, bölgədə aparılan bərpa işlər ilə əlaqədar, o cümlədən bölgədə gələcək sülh quruculuğu istiqamətində səylərinə görə Azərbaycanı təbrik edib.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan Respublikası və İraq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərini səsləndirib və bu xüsusda İraqlı həmkarına ünvanlandığı məktubu ünvan sahibinə çatdırması üçün şəxsən nazir müavininə təqdim edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Bu gün, həmçinin Azərbaycan və İraq Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İclasda Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İraq tərəfindən isə xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah başçılıq ediblər. Siyasi məsləhətləşmələr çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər