Çin maliyyə qurumlarına və ödəmə şirkətlərinə kriptovalyuta əməliyyatları ilə bağlı xidmətlər göstərməyi qadağan edib. Banker bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
“Son vaxtlar kriptovalyutaların qiyməti tez-tez dəyişir, spekulyativ ticarət isə bərpa olur ki, bu da insanların əmlakının təhlükəsizliyini və maliyyə qaydalarını ciddi şəkildə pozur”, – deyə mesajda bildirilir. Qeyd edildiyi kimi, banklar və onlayn ödəmə şirkətləri bundan sonra müştərilərinə qeydiyyat, ticarət, klirinq və hesablaşma kimi xidmətlər təklif edə bilməyəcəklər.
Maliyyə qurumları kriptovalyutadan istifadə edərək əmanət və ya girov xidmətlərini göstərməməlidirlər, həmçinin kriptovalyuta ilə əlaqəli maliyyə məhsullarını buraxmamalıdırlar.
Xatırladaq ki, 2017-ci ildə Çin yerli kriptovalyuta birjalarını bağlayıb və qlobal bitkoin ticarətinin 90%-ni təşkil edən spekulyativ bazarı “boğub”. 2019-cu ilin iyun ayında Çin Xalq Bankı yerli və xarici kriptovalyuta birjalarına və IPO saytlarına girişi bağlayacağını bildirən bir açıqlama verib. Bununla da Çin Mərkəzi Bankı xarici birjalarda kriptovalyutaların ticarətini məhdudlaşdırıb.