6 C
Baku
Sunday, December 15, 2024

Çin Rusiyanı nədə qabaqlayacaq?

Çin hərbi qüdrətini getdikcə artırır. Mövcud vəziyyət Vaşinqtonu ciddi narahat edir. Amerika kəşfiyyatının kosmik izləmə vasitəsilə gəldiyi qənaət budur ki, Çin ərazisində nüvə silahının saxlandığı şaxtaların sayı artır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir.

Çin nüvə silahının sayına görə ABŞ-la yarışarkən bu vəziyyət Rusiyadakı siyasi dairələri də narahat etməyə başlayıb. Rusiyalı ekspertlərin sözlərinə görə, bu gedişat davam edərsə ABŞ-ın əsas nüvə rəqibi Rusiya deyil Çin olacaq. Çünki bir müddətdən sonra Çin nüvə şaxtalarının sayına görə Rusiyanı geridə qoyacaq. Bu isə Rusiyanın dünyadakı rolunu azaldacaq, Çini ön plana çıxardacaq. Başqa sözlə dünyanın geosiyasi xəritəsi dəyişəcək.

Mütəxəssislərin rəyinə görə, nüvə silahların artımına görə Çin vaxtilə nüvə silahına yiyələnən ABŞ və keçmiş SSRİ-nin sürətini üstələyir. Pentaqonun 2020-ci il hesabatında qeyd olunurdu ki, Çin 350 nüvə başlığına malikdir. Ancaq bu Pekinə kifayət etmir. Çin 10 il ərzində nüvə başlıqlarının sayını iki dəfə artırmağı planlaşdırır. Çin nüvə silahının sayına görə ABŞ və Rusiyadan geri qalsa da, iki nüvə dövlətini – Fransa və Böyük Britaniyanı geridə qoyub. Fransa 290, Böyük Britaniya isə 225 nüvə başlığına malikdir. Çinin nüvə başlığını daşıya biləcək DF-41 raket kompleksi 14 min kilometr məsafə qət etməyə imkanına malikdir. Çin eyni zamanda raketlərdən qorunma sistemlərini də modernləşdirir.

Çin nüvə siahlarını və raket komplekslərini artırmağa nə vadar edir?

Pekin anlayır ki, ABŞ-la münasibətlər getdikcə gərginləşir və bu gərginlik gələcəkdə də davam edəcək. Çünki ABŞ Çinin regional gücə çevrilməsini özü və beynəlxalq aləm üçün böyük təhlükə hesab edir. Çinin hakim dairələrində hesab edirlər ki, nə zamansa hətta ABŞ-la hərbi qarşıdurma da mümkündür. Misal üçün Pekin Tayvanı Çinə birləşdirmək siyasətinə sadiqdir. Buna isə ABŞ razılaşmır və razılaşmayacaq. Demək tək elə Tayvan adasında görə böyük dövltələrin qarşıdurması qaçılmaz olacaq. Özü də Tayvanın Çinə birləşdirilməsi yalnız ABŞ-ın deyil, Yaponiya, Avstraliya və Hindistan kimi dövlətləri də narahat edir. Bu dövlətlərin də Çinin regional siyasətindən narazılıqları var.

Çini dayandırmaq çətindir. Varlanan və güclənən Çin öz ordusunu və hərbi dəniz qüvvələrini modern silahlarla təhciz edir. Çin daha çox raketlərə ehtiyac duyur. Rəsmi Pekin hesab edir ki, daha çox nüvə başlığı və raketləri olan Çin dünyanın supergücünə çevriləcək.

Çinlə bağlı problem ondadır ki, Pekin nüvə başlıqları və uzaq mənzilli raketlərlə bağlı özünü heç bir ikitərəfli və beynəlxalq anlaşmalarla əlaqələndirməyib. İki nüvə dövləti olan ABŞ və SSRİ-nin varisi Rusiya arasında müəyyən nüvə anlaşmaları var. ABŞ isə Çinlə nüvə başlıqları və raketlərlə bağlı heç bir anlaşma imzalamayıb. Pekin də bu fürsətdən istifadə edərək nüvə və uzaqmənzilli raket istehsalında istədiyini edir. Amerika Rusiyaya “Çin də nüvə və raket anlaşmalarına qoşulsun”  tələbini irəli sürdükdə Moskva qarşılıqlı tələbini irəli sürür: “Bu halda Böyük Britaniya və Fransa da anlaşmalarda yer alsınlar”.

Əslində Moskva Pekini Vaşinqtondan qorumaqla özünün gələcək problemlərini dərinləşdirir. Çünki böyüyən və güclənən Çin Rusiya üçün də ciddi başağrısına çevriləcək.

Son xəbərlər
Digər xəbərlər