10 C
Baku
Thursday, December 12, 2024

Çində əhalisinin sayı 1 milyard 412 milyona çatıb

Çində əhalinin sayı ötən il 480 min nəfər artaraq, 1 milyard 412 milyon nəfərə çatıb.

Bu barədə ölkənin Milli Statistika Bürosu məlumat yayıb. Ötən il Çində 10,62 milyon körpə doğulub.

Qeyd edək ki, bir çox mütəxəssis Çinin əhalinin yaşlanması problem ilə üz-üzə qaldığını bildirir. 2016-cı ildə Çin hökuməti gözlənilən demoqrafik problemin qarşısını almaq üçün 1982-ci ildən tətbiq olunan “Hər ailəyə bir uşaq” siyasətini ləğv edib. Ailələrə ikinci uşağı dünyaya gətirməyə imkan verən bu qərarın müəyyən müsbət nəticələri olsa da, əhalinin “yaşlanması”nın qarşısını ala bilməyib. Xüsusən şəhərlərdə uşaq böyütməyin bahalı olması və gənc qadınların karyera məsələləri ailələrin bir uşaqla kifayətlənmək ənənəsini yaradıb ki, bu da doğum sayının azalmasına gətirib çıxarıb.

Ötən ilin mayında Çin Xalq Respublikasının Sədri Si Cinpinin rəhbərliyi ilə Kommunist Partiyası mərkəzi komitəsinin siyasi bürosunun iclasında ölkənin 14-cü beşillikdə (2021-2025-ci illər) əhalinin “yaşlanması”nın qarşısını almaq üçün əsas məsələlər müzakirə olunub. Bu məsələlərə ailələrə 3-cü uşağı dünyaya gətirmək icazəsinin verilməsi də daxil idi. Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının ötən ilin yayında “Əhali və ailə planlanması haqqında” qanuna etdiyi düzəlişə əsasən, ailələrə 3-cü uşağı dünyaya gətirməyə icazə verilib. Qanuna edilmiş düzəliş 3-cü uşağı dünyaya gətirmək istəyən ailələrin üzərinə düşən maliyyə yükünü azaltmaq üçün dəstək tədbirlərinin, o cümlədən, sığorta, təhsil, iş yeri, mənzil təminatı sahəsində güzəştlərin tətbiqinə imkan yaradacaq.

Ailələrə üçüncü uşaq sahibi olmağa icazə verilməsi barədə qərarın qəbul olunmasına Çində əhalinin 2010-2020-ci illər üzrə siyahıyaalınmasının nəticələrinə əsasən, ölkədə doğum sayının azalması fonunda yaxın illərdə əhalinin say tərkibində yaşlı insanların sayının üstünlük təşkil etməsi ilə bağlı proqnozlar səbəb olub. Siyahıyaalınmanın nəticələri Çinin materik hissəsində (Tayvan adası, Honkonq və Makao xüsusi inzibati əraziləri istisna olunmaqla) əhalinin sayının ötən onillikdə hər il üzrə orta hesabla 0,53 faiz artdığını göstərsə də, bu rəqəm 1950-ci illərdən sonra ən aşağı göstərici olub.

Mütəxəssislər ÇXR-də yaxın illərdə doğum sayının daha da azalacağını, yaşlı insanların sayının isə çoxalacağını proqnozlaşdırırlar. Belə ki, 2020-ci il siyahıyaalmasının nəticələrinə əsasən, yaşı 60-dan yuxarı olanların sayı çoxalaraq 264 milyona çatıb ki, bu da ölkə əhalisinin 18,7 faizini təşkil edir. Yaşlı insanların sayının artması öz növbəsində əməkqabiliyyətli təbəqənin azalmasına səbəb olur.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər