9 C
Baku
Friday, December 13, 2024

Çindən Avropaya Orta Dəhlizlə daşınan yüklərin həcmi 84 % artıb

Bu ilin yanvar-avqust aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Çindən Avropaya daşınan yüklərin həcmi ötən ilin eyni dövrünə nisbətən 84 % çox olub.

Bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev ölkənin Astana şəhərində keçirilən “Yeni İpək Yolu” Beynəlxalq Nəqliyyat və Logistika Forumunda bildirib.

Onun sözlərinə görə, bu marşrutun inkişafında Azərbaycan və Gürcüstanın müvafiq nazirlikləri ilə əlaqələndirilmiş iş mühüm rol oynayır: “Ötən il maneələrin aradan qaldırılmasına yönəlmiş müvafiq Yol Xəritəsi imzalanıb. Ümumiyyətlə,Orta Dəhlizin inkişafı və Qazaxıstanda multimodal nəqliyyatın genişləndirilməsi üçün bir sıra infrastruktur layihələri həyata keçirilib. Qazaxıstanın Dostıq-Moyintı dəmir yolu mənzilində 2-ci yolun tikintisinə başlanılıb ki, bu da yükdaşıma qabiliyyətini və daşıma sürətini 5 dəfə artıracaq. Darbaza-Maktaral dairəvi dəmir yolu xəttinin tikintisinə də başlanılır. Baxtı-Ayagöz istiqamətində də yeni layihə var. Yəni Çindən yüklərin qəbulu üçün 3-cü məntəqənin açılması çox vacibdir. Bu baxımdan ən aktual obyekt Baxtı-Taçen istiqamətində tikilən, 20 milyon ton yük dövriyyəsi olacaq yeni dəmir yolu stansiyasıdır”.

O əlavə edib ki, Qazaxıstanın Kurık və Aktau limanlarının ötürmə qabiliyyəti artıılacaq: “Hazırda mövcud dəmir yolu keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması nəzərdə tutulur. Belə layihələr Orta Dəhlizin inkişafı çərçivəsində həyata keçiriləcək”.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “Vahid pəncərə” prinsipi tətbiq olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər