Çinin “Evergrande” şirkətinin səhmləri bu gün, sentyabrın 6-da 71.5% bahalaşıb. Digər Çin developerləri olan “Country Garden Holdings” və “Logan Group”un səhmləri də müvafiq olaraq 26% və 28% artıb. Nəticədə, daşınmaz əmlak sektorunda Çin şirkətlərinin “Hang Seng Mainland Property Index” indeksi 4% yüksəlib.
Xatırladaq ki, “Country Garden” ötən həftə defolt ehtimalı barədə xəbərdarlıq etmişdi. Şirkət avqustun 7-də ödənilməli olan 22.5 milyon dollarlıq ödənişi qaçırıb. Qeyd edək ki, şirkətin gəlir ödənişləri üçün güzəşt müddəti sentyabrın 5-6-da başa çatıb.
“Country Garden”ın ümumi borcu təqribən 187 milyard dollardır. Şirkətin sentyabrda dollar, yuan, Tayland batı və Malayziya ringgiti ilə kreditlər üzrə daha yeddi ödənişi var.
“Evergrande”nin borcu bundan da yüksəkdir və 328 milyard dolları keçir. Ötən il şirkət borc öhdəlikləri üzrə texniki defoltla üzləşib. Avqustun sonunda “Evergrande” səhmlərinin ticarəti 17 aylıq fasilədən sonra bərpa edilib və ilk ticarət günündə 80% ucuzlaşıb.