Nvidia-nın ən böyük müştəriləri şirkətin bazardakı mövqeyinin bir hissəsini ələ keçirmək istəyirlər. Nvidia isə buna 500 milyard dollarlıq investor tərəfdaşlığı ilə cavab verir.
Əvvəllər Nvidia ilə Amazon, Google, Meta və Microsoft kimi bulud nəhəngləri arasındakı münasibətlər olduqca sadə idi: Nvidia çipləri tədarük edir, tərəfdaşlar isə onların əsasında məlumat mərkəzləri qururdular. Tərəflər bu gün də bir-birinə ehtiyac duyurlar. Lakin həm Nvidia, həm də texnologiya nəhəngləri artıq bu qarşılıqlı asılılığın xeyli zəifləyəcəyi gələcəyə hazırlaşırlar.
Yaxınlaşan konfliktin ilk ciddi siqnalı avqustun 10-da verildi. Nvidia BlackRock və Goldman Sachs da daxil olmaqla Uoll-Stritin altı böyük investoru ilə əməkdaşlıq quraraq süni intellekt infrastrukturu üçün “500 milyard dollardan çox vəsait səfərbər etməyi” planlaşdırdığını açıqladı. Məqsəd bulud nəhəngləri sırasına daxil olmayan müştərilərə məlumat mərkəzlərinin tikintisi üçün tələb olunan nəhəng maliyyəni tapmağa kömək etməkdir. Böyük texnologiya şirkətləri isə artıq yalnız Nvidia çiplərini almaqla kifayətlənmək istəmirlər və öz həllərinin hazırlanmasına milyardlarla dollar xərcləyirlər.
Google illərdir süni intellekt üçün xüsusi hazırlanmış TPU — tensor prosessorlarına öz bulud xidməti vasitəsilə çıxış verirdi, indi isə TPU əsasında qurulan sistemləri digər şirkətlərə də satır. Amazon-un öz çipləri istiqamətindən əldə etdiyi illik gəlirin, əhəmiyyətli hissəsi süni intellektlə bağlı olmaqla, 25 milyard dollar olduğu qiymətləndirilir. Şirkətin rəhbəri Endi Cessinin sözlərinə görə, bu göstərici Amazon-u məlumat mərkəzləri üçün çip istehsalı biznesində dünyanın ilk üç şirkətindən birinə çevirir. Microsoft və Meta da öz çiplərini hazırlayıblar. İki böyük süni intellekt laboratoriyası — Anthropic və OpenAI — də eyni yolu getməyi planlaşdırır.
İri texnologiya şirkətlərinin öz çiplərini yaratmaq üçün ciddi səbəbləri var. Süni intellekt məlumat mərkəzlərinin ümumi xərcinin əhəmiyyətli hissəsi məhz çiplərin payına düşür. Bernstein broker şirkətinin hesablamasına görə, hər biri 25 min dollara başa gələn Nvidia H100 çipləri ilə təchiz edilmiş server rəfində çiplərin özü ümumi xərcin təxminən dörddə üçünü təşkil edir. Şirkətlərin öz prosessorları isə 3–5 dəfə ucuz başa gəlir, baxmayaraq ki, onlar güc baxımından Nvidia məhsullarından geri qalırlar. Bulud nəhəngləri bildirirlər ki, buna baxmayaraq xərclənən hər dollar müqabilində daha çox hesablama gücü əldə edirlər.
Bundan əlavə, ixtisaslaşdırılmış çiplər konkret tapşırıqlara daha yaxşı uyğunlaşdırıla bilir. Məsələn, Google-un TPU-ları şirkətin süni intellekt modellərinin əsasını təşkil edən hesablamalar üçün optimallaşdırılıb, Meta-nın prosessorları isə tövsiyə alqoritmlərinə uyğunlaşdırılıb.
Bəzi bulud provayderləri hesab edirlər ki, öz çiplərinin istehsalı ayrıca iri biznesə çevrilə bilər. May ayında Google Blackstone investisiya şirkəti ilə birlikdə Google çipləri əsasında hesablama güclərini icarəyə verəcək yeni bulud platforması yaratmaq üçün tərəfdaşlıq qurub. Amazon da oxşar layihə planlaşdırır. Anthropic Amazon-un 4 milyona qədər Trainium prosessorundan istifadə etmək niyyətindədir. OpenAI də Amazon çiplərindən istifadə edəcəyini açıqlayıb.
Bu addımlar ixtisaslaşdırılmış çipləri Nvidia məhsullarının ciddi rəqibinə çevirə bilər. Bloomberg Intelligence-in hesablamalarına görə, süni intellekt çiplərinin tədarükü bu il təxminən 15 milyon ədəddən 2030-cu ildə 28 milyon ədədə qədər artacaq. Şirkətlərin öz hazırladığı çiplərin bazardakı payı həmin dövrdə 38%-dən 49%-ə yüksələcək, Nvidia-nın payı isə 40% təşkil edəcək. Nvidia, çox güman ki, gəlir baxımından liderliyini qoruyacaq, lakin rəqiblərin daha ucuz çipləri şirkətin yüksək mənfəət marjalarına təzyiq göstərəcək.
Nvidia isə vəziyyətə fərqli baxır. Şirkətin rəhbəri Censen Huan hesab edir ki, bu cür prosessorların əsas üstünlüyü — yüksək ixtisaslaşma — eyni zamanda onların zəif tərəfidir. Onlar artıq məlum olan iş yükləri üçün yaxşı işləyirlər, lakin yeni tapşırıqlara uyğunlaşmaqda daha məhduddurlar. Nvidia-nın qrafik prosessorları isə, əksinə, süni intellekt sahəsində demək olar ki, istənilən tapşırığın öhdəsindən gələ bilir. Süni intellekt böyük dil modellərindən kənara çıxaraq robototexnika, pilotsuz nəqliyyat və sənaye tətbiqlərinə yayıldıqca bu universallıq həlledici üstünlüyə çevrilə bilər.
Eyni zamanda Nvidia ilə ayaqlaşmaq həm baha, həm də çətin olacaq. Şirkət hazırda yeni nəsil çipləri ildə bir dəfə buraxır, halbuki əvvəllər bu proses iki ildən bir baş verirdi. Qabaqcıl süni intellekt çipinin hazırlanması digər şirkətlərə adətən 1–3 milyard dollara başa gəlir və proses 2–3 il çəkir. Nvidia isə təkcə son rübdə tədqiqat və inkişafa 6 milyard dollardan çox xərcləyib və rəqiblərindən qat-qat böyük investisiyalar etməyə imkan verən maliyyə gücünə malikdir. Belə tempi davam etdirmək üçün kifayət qədər kapital və mühəndis resursuna malik şirkətlərin sayı çox azdır.
Nvidia-nın biznes modelini qoruyan digər amil istehsal zəncirinə çıxışdır. Çip dizaynlarını hazır məhsula çevirən TSMC kimi istehsalçıların gücləri məhduddur. Bank of America-dan Vivek Aryanın sözlərinə görə, bulud şirkətləri bu “qıt resursu” öz ehtiyaclarına, yoxsa müştərilərinə ayırmaq arasında seçim etməli olurlar. Nvidia isə bu baxımdan eyni maraqlar toqquşması ilə üzləşmir.
Bulud nəhəngləri qarşısında mövqeyini qorumaqla yanaşı, Nvidia yeni biznes istiqamətlərini də böyütmək istəyir. Şirkət öz həllərini milli süni intellekt infrastrukturu quran hökumətlərə, öz süni intellekt sistemlərini yaradan müəssisələrə, eləcə də süni intellekt üçün hesablama güclərini icarəyə verən yeni ixtisaslaşmış “neoklaud” şirkətlərinə satmaq niyyətindədir. Nvidia bu müştəri kateqoriyalarına satışların ən böyük bulud provayderlərinə tədarükdən daha sürətli artacağını gözləyir.
Uoll-Strit investorları ilə tərəfdaşlıq da müştərilərə süni intellekt layihələrinin maliyyələşdirilməsində kömək etməyə yönəlmiş daha geniş strategiyanın bir hissəsidir. İyul ayında Nvidia yeni proqram başladıb: şirkət “neoklaud”lardan istifadə olunmayan hesablama güclərini onların gələcək gəlirlərində pay müqabilində icarəyə götürür. Bu model həmin şirkətlərin kredit cəlb etməsini və bizneslərini genişləndirməsini asanlaşdırmalıdır.
Bundan əlavə, KİV-in məlumatına görə, Nvidia OpenAI-yə Ohayo ştatında məlumat mərkəzi icarəyə götürmək və qrafik prosessorlar almaqda kömək etmək üçün 350 milyard dollarlıq maliyyələşdirmə sxemini də müzakirə edir.
Bununla belə, hesablama gücü çatışmazlığı hələlik müştəri ilə rəqib arasındakı sərhədi bulanıqlaşdırır. İyun ayında Google SpaceX-dən süni intellekt hesablamalarının icarəsi üçün 30 milyard dollarlıq müqavilə bağlayıb, halbuki həmin hesablama gücləri Nvidia çipləri üzərində işləyir. Amazon-un öz çiplərinə yönəltdiyi vəsait isə şirkətin ümumi kapital xərclərinin onda birindən də azdır; əsas vəsait hələ də Nvidia məhsullarının alınmasına gedir.
Bazarda bütün iştirakçılar hesablama gücünü harada tapa bilirlərsə, oradan almağa çalışırlar. Və bu tədarükün əsas hissəsini hələ də Nvidia təmin edir.







