Hakkerlər “Clubhouse”un 1.3 milyon istifadəçisinin məlumatlarını internet şəbəkəsində yerləşdiriblər.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Bildirildiyi kimi, məlumat bazasında məxfi məlumatlar yoxdur, lakin təcrübəli kibercinayətkarlar onlardan da istifadə edə bilərlər.
Sızdırılan məlumatlar arasında “Clubhouse” istifadəçilərinin ID-si, adları, izləyici sayı, hesabın yaranma tarixi, o cümlədən link adresləri var. Bundan əlavə, “Twitter” və “Instagram”dakı istifadəçi hesablarına keçidlər və şəxsin “Clubhouse”a kimi dəvət etdiyi barədə məlumatlar var.
Yəni oğurlanan bazada heç bir gizli məlumat yoxdur – məsələn, bank kartı məlumatları. Buna baxmayaraq, istifadəçi məlumatlarını bilən kibercinayətkarlar məqsədyönlü fişinq və ya sosial mühəndislikdən istifadə edə bilərlər.
Aprel ayının əvvəlində sosial şəbəkənin qurucusu Mark Zuckerberg də daxil olmaqla 530 milyondan çox “Facebook” istifadəçisinin şəxsi məlumatları internetə sızmışdır. Məlumat massivində telefon nömrələri, adlar, yaşayış yerləri, doğum tarixləri, ailə vəziyyəti və digər məlumatlar yer almışdır.
Bundan əlavə, “LinkedIn” şəbəkəsinin 500 milyon istifadəçisinin məlumatları sızmışdır. Onlar arasında ID, adlar, elektron poçt adresləri, telefon nömrələri, iş yeri haqqında məlumat, cinsiyyət və digər informasiya olmuşdur.
“Clubhouse” – 2020-ci ildə Pol Devison və Rohan Set tərəfindən işə salınan səsli sosial şəbəkədir. Hələki xidmət yalnız iOS platforması üzərində işləyir və yalnız dəvət almış şəxslər üçün əlçatandır.
“Clubhouse”a maraq 2021-ci ilin fevralında artmışdır (həftədə 2 milyondan çox aktiv istifadəçisi olmuşdur), lakin son həftələrdə sosial şəbəkə populyarlığını itirməyə başlayıb.
Daha əvvəl “Twitter”in “Clubhouse”u 4 milyard dollara almaq haqqında məlumat yayılıb.