CNN: İrana qarşı hərbi əməliyyatlar Pentaqona 40 milyard dollara başa gəlib

ABŞ Müdafiə Nazirliyinin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın xərcləri təxminən 40 milyard dollar təşkil edib. Bu barədə CNN nəşrə hazırlanmaqda olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatına istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, bu məbləğ istifadə edilmiş sursatların, məhv edilmiş texnikanın və ABŞ hərbi bazalarına dəyən ziyanın dəyərini əhatə edir. Lakin 2026-cı maliyyə ili üçün Pentaqonun büdcəsində artıq nəzərdə tutulmuş əməliyyat xərcləri bu hesablamaya daxil edilməyib. Bunu CNN-ə CSIS-in baş müşaviri Mark Kansian bildirib.

Ekspert qeyd edib ki, Müdafiə Nazirliyinin ən böyük xərc maddəsini sursatlar təşkil edib və onların payına 26 milyard dollar düşüb. Bu, ABŞ ordusunun çoxlu sayda uzaqmənzilli, yüksək texnologiyalı və bahalı silahlardan istifadə etməsi ilə əlaqədardır. Məsələn, ABŞ təxminən min ədəd “Tomahawk” raketi sərf edib. Hər bir raketin dəyəri təxminən 2,5 milyon dollardır.

CSIS-in qiymətləndirməsinə görə, döyüş əməliyyatlarının ilk 100 saatı ABŞ-yə 3,7 milyard dollara başa gəlib. Münaqişə uzandıqca isə zərbələrin intensivliyinin azalması səbəbindən müharibənin gündəlik dəyəri aşağı düşüb.

İyunun 18-də “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ Müdafiə Nazirliyi Konqres üzvlərinə İrana qarşı hərbi əməliyyat və digər xərclərlə əlaqədar əlavə 80 milyard dollar maliyyələşdirməyə ehtiyac olduğunu bildirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər