“Coca-Cola HBC” şirkəti Rusiyada içki satışının dayandırılması ilə bağlı xərclərə görə ilin birinci yarısında 190 milyon avro zərər çəkib. Bu barədə şirkətin 2022-ci ilin birinci yarısı üçün hazırladığı maliyyə hesabatında deyilir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Sənədə əsasən, ilin ikinci yarısında istehsalçı 82 milyon avro məbləğində yeni maliyyə itkiləri ilə üzləşəcəyini gözləyir. Bu, Rusiyada mal ehtiyatlarının “demək olar ki, tükənməsi” və istehsalın azalması ilə əlaqədardır.
Hesabatda bildirilir ki, şirkətin xalis mənfəəti ilin birinci yarısında 34% azalaraq 153 milyon avro təşkil edib. Səbəb Rusiyadan çəkilmə və davam edən inflyasiya olub.
Martın əvvəlində “Coca-Cola” Rusiyadakı fəaliyyətini dayandırıb, may ayında isə baş direktor Ceyms Kuinsi Rusiya bazarından tam çıxma ehtimalını etiraf edib. İyunun 16-da “Reuters” şirkətin bəyanatına istinadən istehsal gücünün azaldılması və Rusiya Federasiyasında istehsalı dayandırmağı planlaşdırdığı barədə məlumat yayıb.
“Coca-Cola HBC” – “The Coca-Cola Company” brendi altında ən böyük içki istehsalçılarından biridir. Rusiyada şirkət həmçinin “Fanta”, “Sprite”, “Powerade”, “Schweppes”, “Burn” və digər məhsullar istehsal edir.