5 C
Baku
Saturday, December 14, 2024

COVID-lə mübarizəyə 644 milyon manat sərf olunub

“COVID-lə mübarizəyə birbaşa olaraq 644 milyon manata qədər vəsait sərf olunmuşdur. Bu il üçün isə büdcədə hələlik birbaşa 261 milyon manat nəzərdə tutulub. Lazım olsa, əlavə ehtiyatlarımız var. Nəzərə alsaq ki, biz çox işləri 2020-ci ildə icra etmişik, əlavə xəstəxanalara, modul tipli xəstəxanalara və sairə ehtiyac yoxdur”.

Bunu Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

“Cənab Prezident, Siz dediniz, bütün mənbələr və maliyyə imkanları nəzərə alınaraq iqtisadiyyata ümumilikdə təqribən 2,5 milyard manatlıqdan artıq dəstək göstərilmişdir. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə biz dörd dəfə 190 manat birdəfəlik ödəmə vermişik. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir.

Koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Sizin Fərmanınızla xüsusi fond yaradılmışdır və bu fonda 114 milyon manatdan artıq vəsait yığılmışdır. Bununla bərabər, xəstəliklə mübarizə üçün xarici ölkələrdən həkimlər cəlb edilmişdir.

Möhtərəm cənab Prezident, təbii olaraq, dünya bu xəstəliklə mübarizə aparır. Biz hazırda yanvarın 18-dək sərtləşdirilmiş karantin rejimindəyik. Ümumi karantin rejiminin müddəti yanvar ayının 31-dək artırılıb və bu istiqamətdə ciddi nəzarət var. Hesab edirik ki, Siz dediyiniz kimi, peyvənd Azərbaycana gətiriləndən sonra bu xəstəliklə mübarizədə, onun qarşısının alınmasında xeyli irəliləyiş olacaqdır”, – Ə.Əsədov əlavə edib.

Son xəbərlər
Digər xəbərlər