4 C
Baku
Sunday, December 4, 2022

“Dərman strateji məhsuldur, baha satan məsuliyyətə cəlb olunmalıdır”

Azərbaycanda dərman vasitələrinin qiymətində növbəti bahalaşma, eyni zamanda qiymət fərqləri müşahidə olunur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov da bu məsələyə diqqət çəkib.

O deyib ki, süni qiymət artımı müşahidə edilir və ciddi monitorinqlərə ehtiyac var. Eyni zamanda vurğulayıb ki, Türkiyədə aldığı dərmanlarla Azərbaycandakı preparatların qiyməti arasında səkkiz dəfəyə qədər fərq var.

Həmçinin son günlər yodun qiymətində kəskin bahalaşma olduğu barədə məlumatlar paylaşılır.

Dərman qiymətlərində bahalaşma ilə əlaqədar açıqlama verən iqtisadçı-ekspert Emin Qəriblinin sözlərinə görə, apteklər özbaşına qiyməti artıra bilmir:

“Dərmanların qiymətinə müvafiq strukturlar nəzarət edir. Apteklər özbaşına qiymətləri artıra bilmir. Məsələ bundadır ki, burada dərmanların daha ucuz satılması üçün iki çıxış yolu var. Bizim qardaş ölkəmiz olan Türkiyədən buraya gətirilən pereparatlar da baha satılır. Bunun qarşısını almaq üçün Azərbaycana daxil olan zaman gömrük rüsumları azaldılmalıdır. O halda qiymətlər enə bilər. Ümumiyyətlə, bu, digər ölkələrdən gətirilən dərmanlara da tətbiq olunmalıdır”.

E.Qəribli qeyd edib ki, bəzi dərmanların əlavə dəyər vergisi azaldılmalıdır:

“Bəzi dərman məhsulları var ki, onun rüsumları, vergisi digərlərinə nisbətən azaldılmalıdır. Həssas təbəqənin daha çox hansı məhsullardan istifadə etdiyi müəyyən olunmalıdır. Vergiləri azaltmaqla problemləri həll etmək mümkündür. İdxal da azaldılmalıdır. Rüsumun və əlavə dəyər vergisinin differensasiyasına ehtiyac var”.

Həkim-terapevt Abbas Bağırov satılan dərmanların keyfiyyətinin aşağı olduğunu söyləyib:

Azərbaycanda bazarda tətbiq olunan farmakoloji pereparatlar, dərman maddələri və hazır satılan dərmanlar bəzi həkimlərin və praktiki səhiyyə işçilərinin hesabına farmasevtlik effektinə görə digər ölkələrdə satılan dərmanların əksəriyyətindən zəifdir. Bu birinci məsələdir. İkinci bir məsələ böhrandır. Bahalaşma müşahidə olunur. Orta təbəqənin nümayəndələri ehtiyacı olduğu dərmanları ala bilmirlər”.

A.Bağırov əlavə edib ki, bəzi dərmanların komponentləri arasında farmakoloji və bioloji uyğunsuzluq var:

“Bəzən doza həddi düzgün olmur. Farmakoloji sistem yenidən tərtib olunmalıdır. Bu məsələlərə diqqət, nəzarət artırılmalıdır. Həqiqətən də, bizdə dərman bazarında böhranlı vəziyyətlər var. Bəzi dərmanların qiyməti həddindən çox şişirdilir. Xaricdən gətirilən məhsulun qiyməti başadüşüləndir. Amma bu qədər fərq olmamalıdır. Qiymətlərə nəzarət gücləndirilməlidir”.

Farmakoloq Aydın Əliyevin sözlərinə görə, ölkəmizdə dərman istehsalına başlanmalıdır:

“Son bir neçə ildir ki, dərmanlar haqqında daha çox danışılır. Ümumiyyətlə, çalışmaq lazımdır ki, keyfiyyətsiz məhsul gətirilməsin. Çünki onlar da xəstəlik yaradır. Həkim diaqnozu düzgün bilməli və düzgün dərman yazmalıdır. Dərmanın keyfiyyəti həkimlik deyil. Preparatlar müvafiq ekspertizadan keçirilməlidir.

Ölkəmizdə dərman istehsalına başlanmalıdır. Bir neçə dərman zavodu açılmalıdır. Dərmanlar televiziyalarda reklam olunmamalıdır. Dərman paltar, maşın deyil”.

A.Əliyev qeyd edib ki, dərman strateji məhsuldur, baha satan məsuliyyətə cəlb olunmalıdır:

“Dərmanların qiymətini Tarif Şurası təsdiq edir. Kimsə tətbiq olunan qiymətdən artıq satırsa, hüquqi məsuliyyətə cəlb olunmalıdır. Bazarda satılan tərəvəz deyil ki, istənilən qiymətə satılsın. Strateji məhsuldur. İnsanların sağlamlığıdır. Onlara qoyulan qiymətlər dəyişməməlidir. Birbaşa nəzarət çətindir, buna görə də dərmanların elektron şəkildə qiymətləri olmalıdır. İnsanlar elektron resursa daxil olub, qiyməti öyrənə bilməlidirlər. Ancaq bu cür tənzimləmək olar”.

Son xəbərlər
Digər xəbərlər
X