10 C
Baku
Thursday, December 12, 2024

“Daima müştərilərin rahatlığını təmin edəcək yeniliklər axtarışındayıq ” – Bank sədri ilə müsahibə

“Expressbank”ın İdarə Heyətinin sədri İlham Həbibullayev ilə müsahibə

-2018-ci il artıq geridə qaldı. “Expressbank” üçün yola saldığımız il necə nəticələndi?

-Bildiyiniz kimi, “Expressbank” uzun illərdir Azərbaycan bazarında fəaliyyət göstərir. Ötən illərlə müqayisədə bank 2018-ci ildə bazarda mövqeyini daha da gücləndirmişdir. Əldə olunan ümumi nəticələrə görə geridə qoyduğumuz ili uğurlu fəaliyyətimizin növbəti ili kimi qiymətləndiririk. Müsbət dəyişikliklər fəaliyyətimizin demək olar ki, hər bir sahəsində hiss olunmuşdur. Bu müddət ərzində bazar payının artımı ilə yanaşı müştəri bazasını da genişləndirdik. Belə ki, 2018 – ci ildə fiziki şəxs müştərilərinin sayı 23%, hüquqi şəxs müştərilərinin sayı isə 42% artmışdır. Hazırda ümumi xidmət etdiyimiz müştərilərin sayı 250 mindən çoxdur və bu say davamlı olaraq artmaqdadır. Bunu da biz müştərilərin banka olan etimadının əsas göstəricisi kimi dəyərləndiririk.

Əlavə olaraq qeyd etmək istərdim ki, ötən il beynəlxalq reytinq agentliyi “Fitch Ratings” “Expressbank”ın kredit reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib. Və bu reytinq ölkə bankları sırasında yüksək nəticə hesab olunur.

-“Expressbank”ı fərqləndirən nədir? 

-Bizim fəaliyyətimiz müştəri məmnunluğunun və xidmətinin yüksək səviyyədə saxlanılmasına və hər bir müştərinin etibarlı tərəfdaşına çevrilməsinə yönəlibdir. Təşkilatımızın şüarında əks olunduğu kimi, müştərilərin işlərinin rahatlığı üçün bankın hər bir işçisi, tutduğu vəzifəsindən asılı olmayaraq, öz üzərinə düşən işləri görməyə hədəfləyib.

Biz daima müştərilərin rahatlığını təmin edəcək yeniliklər axtarışındayıq.Göstərdiyimiz xidmətlərin sürətinin və səmərəliliyinin artırılması məqsədi ilə filialların xidmət konsepsiyasında bir sıra yeniliklər tətbiq etmişik. Pərakəndə bank məhsulları üçün müraciət edən müştərilərə xidmət göstərən mütəxəssisləri tam universallaşdırmışıq. Yəni, işçilərimiz müştərilərə həm kredit, həm də əməliyyat sahəsi üzrə eyni anda peşəkar xidmət göstərə bilirlər. Bu isə ən azından rahatlıq və operativlik baxımından hər iki tərəfə böyük üstünlük təmin edir. Yüksək səviyyəli xidmətin təmin olunması, ortaya çıxan məsələlərin yerində, daha çevik şəkildə həll olunması və müştəri axınının idarə edilməsi məqsədi ilə seçilən filiallarda əlavə olaraq xidmətə cavabdeh menecerlər fəaliyyət göstərir. Qeyd etdiyim özəlliklər müştəri məmnuniyyətinin üst səviyyədə təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bununla yanaşı bazara davamlı olaraq unikal, bank-müştəri münasibətlərinə əlavə dəyər artıran məhsullar təklif etməyə çalışırıq. Biznes proseslərin avtomatlaşdırılması və xidmət sürətinin artırılması sahəsində də əsaslı işlər aparırıq.

Son dövr ərzində biznes fəaliyyəti ilə məşğul olan müştərilərə göstərdiyimiz xidmət imkanlarının genişləndirilməsi ilə bağlı bir sıra vacib tədbirlər görülmüşdür. Nəticədə sadəcə keçən il ərzində 650 yeni şirkət cəlb olunmuş və biznesin dəstəklənməsinə 82 milyon manat kredit vəsaiti ayrılmışdır.
Sözsüz ki, qeyd olunan nailiyyətlərin heç biri güclü, peşəkar komanda və öz işini sevən işçilər olmadan reallaşa bilməzdi. İşçilərimiz bizim ən dəyərli aktivimizdir. Bank olaraq komanda üzvlərinin fərdi və peşəkar inkişafına xüsusi əhəmiyyət verir və hər zaman diqqət mərkəzində saxlamağa çalışırıq.

-Qeyd etdiyiniz unikal məhsullardan hansını xüsusi vurğulaya bilərsiniz?

-Ölkədə müştərilər tərəfindən kifayət qədər marağa səbəb olan, bankımız tərəfindən təqdim olunan “Expressclub” xidməti, müştərilərə nağdsız əməliyyat zamanı 20% dək “cash-back” (pulun qaytarılması) qazanmaq imkanını bəxş edir.  750-yə yaxın tərəfdaş sayəsində belə bir təklifin təqdimi müştərilərin böyük marağına səbəb olub. Ötən il təqdim etdiyimiz “Expressclub” mobil əlavəsi ilə müştərilər bankla bu xidmət üzrə əməkdaşlıq edən partnyorlar, mövcud fürsətlər və kampaniyalar haqqında məlumatları anında və rahat qaydada almaq imkanını əldə ediblər.

Bankımız üçün önəmli layihələrdən biri də “Expresspay” ödəmə sistemidir. Ötən il əməliyyatların həcminə görə “Expresspay” şəbəkəsinin dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Bu da təsadüfi deyil. Bu sistem özündə 300-dən çox müxtəlif onlayn xidmətləri birləşdirir. Yeganə ödəmə sistemidir ki, eyni zamanda ödəniş terminalları, mobil əlavəsi və elektron pul kisəsi var.

Bununla bərabər 700-ə yaxın terminal müştərilərimizin bir çox bank xidmətləri üzrə rahat və əlçatan şəkildə müxtəlif əməliyyatların 24/7 rejimdə aparılmasını təmin edir.

Nəticədə, bir vahid sistemə inteqrasiya olunmuş “Expressclub”, “Expresspay”, plastik kartlar və  təqdim olunan digər xidmətlər müştərilərin bankla olan işlərinin çox kanallı imkanlar yaradaraq asanlıqla aparılmasına yaxşı şərait yaradır.

-Bildiyimiz kimi son illər dövlət tərəfindən nağdsız əməliyyatların stimullaşdırılmasına böyük diqqət ayrılır. Bu sahədə “Expressbank”ın rolunu necə görürsünüz?

-Bankın fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi və biznes xidmətlərinin avtomatlaşdırılması böyük rol oynayır. Son illər bu istiqamətdə aparılan işlər bütün bazar iştirakçıları üçün geniş və maraqlı imkanlar yaradır. Bank olaraq çox maraqlıyıq ki, yeni imkanları düzgün dəyərləndirək və ümumi işin inkişafına öz töhfəmizi verək. Gördüyümüz bir sıra tədbirlər nəticəsində maliyyə əməliyyatlarının həcmində nağdsız qaydada aparılan əməliyyat payının çəkisi olduqca artmışdır. Sevindirici haldır ki, fəaliyyətimiz aidiyyatı qurumlar tərəfindən də müsbət qiymətləndirilmişdir. Belə ki, 2018-ci il ərzində “Expressbank”  “Azərbaycan Respublikası Mərkəzi Bankı” tərəfindən “Təmassız POS-terminallar infrastrukturu üzrə lider bank”, “Təmassız ödəniş kartları üzrə lider bank” və “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyaları üzrə müxtəlif yerlərə layiq görülmüşdür.

“MasterCard” ödəniş sistemi isə “Expressbank”ı premium seqmentdə kartlarının say miqdarını ən çox artıran bank olaraq birinci yerlə mükafatlandırmışdır.

Pərakəndə kart satışlarındakı aktivliyimizin təsdiqi olaraq deyə bilərəm ki, son üç il ərzində VISA və MasterCard debet kartlarının sayına görə, sosial təyinatlı və əmək haqqı kartları istisna olmaqla, ümumi bazar payımız 1,7%-dən 6,3%-ə qədər artmışdır.

-Orta və kiçik biznes sahəsi seqmentində “Expresbank”ın mövcud mövqeyi nədir?
-İş adamlarına, şirkətlərə dəstəyin göstərilməsi və onların əsl mənada yaxın tərəfdaşına çevrilməsi bankın əsas strateji məqsədlərindən biridir. Biznesin dəstəklənməsini hədəfləyən bank olaraq biz də bu istiqamətdə aktivliyimizin artırılmasında çox maraqlıyıq. Çalışırıq ki, müştərilərə həm ənənəvi, həm də alternativ kanallar vasitəsi ilə keyfiyyətli xidmət göstərək, onların maraq və istəklərinə cavab verən bank məhsulları təklif edək.

Ötən ildən etibarən bir sıra dövlət və qeyri-dövlət qurumları, fondları tərəfindən biznesin müxtəlif sahələrinin inkişafına dəstək ola biləcək proqramlar işə salınmışdır. Proqramlar üzrə aktiv iştirakçı olmaq niyyətindəyik və artıq bu istiqamətdə fəaliyyətə başlamışıq.

Bununla bərabər müştərilərimizin bir çox yeniliklər, məhsul və xidmətlərimiz barədə düzgün məlumatlandırılmasına və müştəri ehtiyaclarına uyğun peşəkar məsləhətlərin verilməsinə də xüsusi yer ayırmağa çalışırıq. Bu iş müştərilərlə düzgün partnyorluq münasibətinin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır və gələcək dövrdə də bu istiqamətdəki fəaliyyətimiz daim diqqət mərkəzində olacaqdır.

Apardığımız fəaliyyətin nəticəsi olaraq deyə bilərəm ki, son iki il ərzində hüquqi şəxslər tərəfindən açılan hesab sayı təxminən 3 dəfə artaraq 1900 müştəri sayına çatıb.

-Bankın 2019-cu il üçün prioritet hədəfləri nədir?

-Ötən il ərzində bir sıra maraqlı yeni layihələrə başlamışıq və cari ilin ortasına qədər hədəfləmişik ki, onların hamısını müştərilərin xidmətinə təqdim edək. Daha əvvəl qeyd etdiyim kimi, müştərilərin əlavə rahatlığı baxımından rəqəmsal texnologiyaların tətbiqi, alternativ satış kanallarının inkişafı və mövcud biznes proseslərin optimallaşdırılması ilə bağlı layihələr xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda ənənəvi olaraq güclü olduğumuz, artıq bazarda bizi tanıtmış sahələrin dəstəklənməsinə və inkişafına da böyük yer ayıracağıq.

Müştərilərimizin banka olan münasibətinin və etibarını daima hiss edirik. Buna görə hər bir müştərimizə ayrılıqda təşəkkür edirəm! Bu bizim üçün çox dəyərlidir, həm də üzərimizə böyük məsuliyyət qoyur. Əlimizdən gələni edəcəyik ki, bundan sonra da öz işimizlə, yüksək səviyyəli xidmət və onların ehtiyaclarına uyğun maraqlı təkliflərlə bu etimadı doğruldaq!

– Müsahibə üçün təşəkkür edirik.

kr5u43yi

Son xəbərlər
Digər xəbərlər