18 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Danninq-Krüqer effekti: cəhalətin cahilliyi

Filosof Bertran Rassel bir dəfə demişdir: “Bu dünyanın əsas problemi ondan ibarətdir ki, axmaqlar və fanatiklər özlərinə çox güvənirlər, ağıllı insanlar isə şübhələrlə doludurlar”. Təəccüblüdür, amma Rassel bunu internetin yaranmasından əvvəl söyləmişdir.

Bu gün sosial media sayəsində mütəmadi olaraq nə haqqında danışdıqlarını bilən və biliklərinə inanan insanlara rast gəlirik. Əslində, yox –  bir insan nə qədər çox cahildirsə, bir o qədər inamlı görünür.

Psixologiyada bu fenomen “Danninq-Krüqer effekti” kimi tanınır. Bu, onu kəşf edən iki tədqiqatçı adını daşıyan psixoloji tendensiyadır. Maraqlıdır ki, bu tendensiya gündəlik həyatımızda olduqca geniş yayılıb.

Danninq-Krüqer effekti: cəhalətin cahilliyi

İnformasiyanın dörd növü var:

1. Məlum olan məlum – bu məlumatları başa düşdüyünüzdən əminsiniz (məsələn, velosipedi necə sürürlər);

2. Məlum olan naməlum – bu məlumatları başa düşmədiyinizi bilirsiniz (məsələn, kvant fizikası);

3. Naməlum olan məlum – bu məlumatları bilirsiniz, sadəcə əvvəllər fərqinə varmamısınız (məsələn, valideyn olmağı);

4. Naməlum naməlum – bu məlumatların mövcudiyyətindən ümumiyyətlə xəbəriniz yoxdur. Siz onun haqqında nəinki bilmirsiniz, hətta onu bilmədiyinizi belə bilmirsiniz.

Naməlum naməlim – Danninq-Krüqer effektinin ən pis təzahür etdiyi şey budur. Bu, biliklərimizi, bacarıqlarımızı və səriştəmizi olduğundan daha yüksək qiymətləndirmək meylimizdir.

Danninq-Krüqer effekti sadə cəhalətdən kənara çıxır. Bu, cahilliyimiz haqqında cahillikdir. Səhv etmək və sonra daha yaxşı həlli yolunu tapa bilmədiyiniz üçün bu addımı atmaq məcburiyyətində olduğunuzu başa düşmək bir şeydir. Lakin səhv etmək və özünü mükəmməl hesab etdiyin üçün heç vaxt səhv etmədiyindən əmin olmaq – tamamilə başqa bir şeydir. Bu, axmaqlığın yeni səviyyəsidir.

Bu, Rasselin danışdığı problemdir. Sadəcə biz eyniyik. Getdikcə bilik və bacarıqlarımızı olduğundan daha yüksək qiymətləndiririk və daha çox səhvə yol veririk.

Məsələn:

– Onlarla davranmağı bacardıqlarını düşünən silah sahibləri silah təhlükəsizliyi testində ən aşağı bal alırlar.

– Tibbi laboratoriya işçiləri – analiz üçün nümunələr götürən insanlar – özlərini yüksək ixtisaslı işçilər kimi görürlər, lakin çox vaxt vəzifələrinin öhdəsindən gələ bilmirlər.

– Maşını başqalarından daha yaxşı idarə etdiyini düşünən yaşlılar hərəkət zamanı dörd dəfə çox səhvlərə yol verirlər.

– Davamiyyəti zəif olan tələbələr imtahan ballarını və öyrənilən sahə haqqında ümumi məlumatları kəskin şəkildə yüksək qiymətləndirirlər.

– Debatların ən uğursuz iştirakçıları uğurlarını olduğundan daha yaxşı qiymətləndirirlər. Məsələn, araşdırmaların birində iştirakçıların 59%-i rəqiblərini məğlub etdiyini söyləsə də, həqiqətdə bu göstərici cəmi 22% olmuşdur.

Bəli, amma Mark, sən başa düşmürsən… Mən həqiqətən mükəmmələm

Bu siyahını oxuyarkən, nə etdiyinizi bilirəm. Yəqin ki, mənim etdiyimi edirsiniz.

“Pff, bütün bu insanlar axmaqdırlar. Nə yaxşı ki, zəif tərəflərimi bilirəm… Yerə qalan sahələrdə isə sadəcə mükəmmələm”.

Bunu oxuyuruq və səhvən müəyyən sahələrdə bir sıra üstün keyfiyyətlərə sahib olduğumuzu düşünürük. Bu korluğun qurbanı olduğumuzu görmürük. Ancaq oluruq, özü də necə. Biz problemlərimizi digər insanların boynuna ata, qapana, tənqid edə və hətta səfeh ola bilərik. Hamımız bunu edirik. Bir nəfərə qədər.

Lakin bəzilərimiz bunu başqaları kimi tez-tez etmədiyimizi düşünürlər. Bununla belə, araşdırmalara görə, emosional zəkanı yoxlayan testlərdə ən aşağı yeri tutan insanlar, başqaları ilə müqayisədə daha çox empatiya göstərdiklərini düşünürlər. İşə bax sən!

Və problem yalnız duyğularla deyil.., bu hər yerdə özünü göstərir.

Sağlam həyat tərzi ilə tanış olmayanlar özlərini başqalarından daha sağlam hesab edirlər.  Koqnitiv və analitik düşüncə testlərindən aşağı nəticə alanlar idrak və analitik qabiliyyətlərini çox yüksək qiymətləndirirlər.

Ən qərəzli siyasi baxışa sahib olanlar tamamilə səhv “həqiqətlərə” inanırlar. Məsələn, sosial təminat və ya dövlət xərclərini çox yüksək və ya çox aşağı qiymətləndirirlər.

Beləliklə, köməyə ən çox ehtiyacı olan insanlar ondan nəinki imtina edirlər, hətta köməyə ehtiyac duyduqlarına inanmaq belə istəmirlər. Bəs bundan çıxış yolu varmı?

Cahilliyin aradan qaldırılması paradoksu

Bəlkə də, Danninq-Krüqer effektinin ən pis cəhəti onu aradan qaldırılmasının inanılmaz dərəcədə çətin olmasıdır. Çünki burada bir ziddiyyət var.

Birini (və ya özünü) görünməyən bir şeyi axtarmağa necə məcbur etmək olar? Dərk etmədiyiniz bir səhvi düzəltmək mümkündürmü? Bu, öz cahilliyimizi aradan qaldırmağa çalışmanın paradoksudur.

Bir tərəfdən, bilik hissi insana rahatlıq verir. Biz qeyri-müəyyənliyi sevmirik. İnanclar bizə dünyanı daha yaxşı başa düşdüyümüzü hiss etməyə kömək edir. Dünyanı başa düşdüyümüz zaman özümüzü təhlükəsiz hiss edirik. Bu inamın doğru olub-olmaması heç bir əhəmiyyət daşımır – sadəcə bilməmək qorxusunu azaldır.

Əgər insanları öz qabiliyyətlərini qiymətləndirmək əvəzinə, bacarıqları inkişaf etdirməyə yönəlməyə məcbur etsək, Danninq-Krüqer effektinin təsiri bir qədər azalacaq.

Məsələn, kimsə mühasibat işini yaxşı bacarmır, amma bunun fərqinə varmır. Belə insan pis mühasib olduğunu dərk etmək üçün özündə təşkilatçılıq qabiliyyətini inkişaf etdirməlidir. Üstəlik, insanları çox axmaq olduqlarına görə lağa qoymaq faydasızdır. Bu onları inanclarını iki qat böyük güclə qorumağa məcbur edəcək.

Bununla birlikdə, siz insanları təkmilləşməyə təşviq edə bilərsiniz. Onlara özlərini peşəkar hesab etdikləri sahədəki ən yaxşı işçiləri nümunə gətirin. Bu həm effektiv, həm də effektsiz ola bilər.

Mənim fikrimcə, cahilliyimizin qarşısını almağın yeganə yolu az fikirlərə sahib olmaq və daha sərbəst düşünməkdir.

Təvazökarlıq – vacib dəyərdir. Danninq-Krüqer effekti təvazökarlığın çox faydalı olduğunu göstərir. Dünya baxışımızı qəsdən aşağı qiymətləndirərək, öyrənmək və böyümək üçün daha çox fürsət qazanırıq. Eyni zamanda, başqalarının gözündə narsist kimi görünmürük. Yəni… dünyada bizdən daha təvazökar heç kimin olmadığını başa düşənə qədər. Ən təvazökar mənəm. Mən hamıdan təvazökaram.

 

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər