1 C
Baku
Saturday, December 14, 2024

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev vətəndaşların sosial şəbəkələrdə məruz qaldığı dələduzluq halları ilə bağlı suallara aydınlıq gətirib və vətəndaşlara müraciət edib, faktları sadalayıb.

Vətəndaşlar, dayanın! Kiber talamaya məruz qalma riskləri gündən-günə artır! Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın. Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb.
Şəxsi imkanlarınızı, varınızı, pulunuzu sosial şəbəkələrdə nümayiş etdirib diqqət çəkməyin. Cinayətkar qruplar tərəfindən profil və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir. Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın.

Kiber cinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə etmir. Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub. Təkcə ötən gün – mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb.

Faktların təhlili göstərir ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb.

Məlumatlı OL, aldanmayasan!

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər