12 C
Baku
Saturday, May 18, 2024

Depozitinizi dollara çevirmək sərfəlidirmi?

Ötən ilin son ayından etibarən banklarda əhalinin xarici valyutada olan əmanətləri kəskin artıb.  Artıq əhali manat və dolların kursunda ciddi dəyişiklərin olmasına görə, pullarının valyutasını dollara çevirməyə başlayıb. Bu proses artıq 2 aydır ki, davam edir.  Əhali kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə və ya banklara axışaraq milli pulu ABŞ dollarına dəyişməyə çalışırlar. Ancaq bir müddətdən sonra dolların satışında problemlərin yarandığından dollar tapmayanlar məcburiyyətdən avro almağa da razı olublar. Lakin hazırda dolların satışı bərpa olunub.

Əhali dollar almaq ilə yanaşı bankda manatla olan depozitlərini də dollara çevirmək niyyətindədir.  Bilməlisiniz ki, banklar sadəcə 30 000 manat və daha yuxarı məbləğlərin depozit müqaviləsini pozmadan valyutanı dəyişirlər. Daha kiçik məbləğdə olan depozitinizin valyutasını dəyişdirmək üçün siz ilk növbədə depozitin müqaviləsini pozmalısınız. Çünki, depozit müqavilənizi pozmadan bankdakı depozitinizin valyutasını dəyişməyiniz mümkün deyil. Bəs pulları bankda olan şəxslərin valyutalarını dəyişdirməsi sərfəlidirmi? Bu zaman aşağıdakı nüanslara diqqət yetirmək lazımdır:

  • Depoziti vaxtından əvvəl çıxardığınız zaman əlavə faizləri itirilməsi;
  • İtirdiyiniz faiz qazancınızdan az yoxsa çox ola bilər;
  • Valyuta dəyişdiyiniz zaman nə qazanacaqsınız;

Depoziti vaxtından əvvəl çıxardığınız zaman illik faizlərin bir qismini itirmiş olacaqsınız. Lakin hər bankın fərqli şərtləri var. Misal üçün bankdan asılı olaraq, əgər sizin depozitinizin müddəti 90 gün və daha azdırsa və siz depozitinizi çıxarmaq istəyirsinizsə, sizə heç bir əlavə faiz verilməyə bilər. Ümumiyyətlə, depoziti yerləşdirdiyiniz müddətdən asılı olaraq, sizə ödənilən faiz gəliri illik dərəcənin 40-75% -i geri ödənilməyə bilər.

Burada diqqət etməli olduğunuz digər məsələ isə, depozitin valyutasını dəyişdiyiniz zaman qazandığınız gəlirin, depozitin vaxtından tez çıxardıqda itirdiyiniz faizlərdən çox olmasıdır. Çünki, yuxarıda da qeyd etdiyimiz kimi, bank ola bilər ki, sizə depoziti vaxtından tez çıxardığınıza görə heç bir əlavə faiz ödəməsin.

Yəni tutaq ki, siz depoziti çıxarıb, bu faizlərdən məhrum olmağa razı oldunuz. Daha sonra isə depozitinizin valyutasını bank vasitəsilə dəyişmək istəsəniz, siz valyuta dəyişimi zamanı diqqətli olmalısınız. Bildiyiniz kimi, valyuta kursu daim dəyişməkdədir. Bu zaman nə qədər, itirdiyinizi və yaxud qazandığınızı hesablayın.

Əgər valyuta dəyişimi zamanı qazanacağınız gəlir, bankın depozit üçün təqdim etdiyi illik faiz gəlirini üstələmirsə, bu zaman pulunuzu bankdan çıxarıb valyutasını dəyişmək məsləhət görülmür.

Manatın düşməsi ilə bağlı ekspertlər isə qeyd edirlər ki, yaxın 6 ay ərzində manatın məzənnəsində böyük dəyişiklərin olmayacağı müşahidə olunur. Onların fikrincə, proses tədrici xarakter daşıyır. Ona görə də ekspertlər sizə təşvişə düşməməyi və manat ehtiyatlarını dollara çevirməyə tələsməməlidirlər. Yaxın 4-5 ay ərzində müddəti başa çatacaq depoziti isə dollarda yernidən yerləşdirmək tövsiyyə olunan variantdır, nəinki onu indidən dollara çevirmək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər