Bağlanan banklardan əmanətlərin qaytarılması problemi həm əmanətçilərin, həm də hökuməti narahat etməkdədir. Əmanətçilər vəsaitlərinin 30 min manatdan yuxarı hissəsini itirmək, hökumət isə külli miqdarda vəsaitini itirən vətəndaşların qəzəbi ilə üz-üzə qalmaq təhlükəsi qarşısındadır. Məbləğindən asılı olmayaraq bütün əmanətlərin sığortalanması haqqında qanun isə hələ ki ölkə başçısı tərəfindən imzalanmayıb. Bəzi iddialara görə, Mərkəzi Bank bütün əmanətləri qaytarmaqla bağlı məsuliyyətini azaltmaq üçün qanun qüvvəyə minənədək bankların bağlanması prosesini sürətləndirir.
Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadənin fikrincə, əmanətlərin sığortalanması ilə bağlı qanuna dəyişiklik edilib: “Artıq banklarda olan bütün əmanətlər sığortalanıb. Doğrudan da əvvəlki qanunda 30 min manata qədər olan əmanətləri qaytarılması nəzərdə tutulur. Bu situasiyada nə edəcəyini artıq ya Mərkəzi Bank, ya da bağlanan banklar özü müəyyənləşdirməlidir. Orada bildirilir ki, 30 minə qədər olan əmanətlər sığortalanır. Əgər bankların imkanları varsa, o zaman əmanətləri tam qaytarmalıdırlar. Mərkəzi Bank tərəfindən həmin banklara müvəqqəti inzibatçı ona görə təyin edilir ki, onlar həmin situasiyaya görə qərarlar qəbul edilməsinə nail olsunlar”.
A. Mirzəzadənin sözlərinə görə, həmin qanunun qəbul edilməsinin bankların bağlanması və Mərkəzi Bankın böyük məbləğdə olan əmanətləri ödəmək məcburiyyətində qalmaması üçün yubadıldığı barədə deyilənlər düzgün deyil: “Hazırda Mərkəzi Bankın əsas məqsədi manatın dəyərinin stabilləşməsidir. Aparılan siyasət ona gətirib çıxardı ki, son bir həftədə manat 3 qəpiyə qədər bahalaşdı”.
Milli Məclisin deputatı Zahid Orucun fikrincə, bankların bağlanması sadəcə bu sistemdə dayanıqlıq yaratmaq ideyası ilə reallıqda uzlaşmır: “Çünki banklar vətəndaşlarla əmanət və kreditlər üzrə iqtisadi siyasət həyata keçirirlər. Günün birində isə bankların bağlanması haqqında qərar veriləndə vətəndaşlar özlərini Sovet İttifaqının dağılmasından sonrakı vəziyyətdə olduğu kimi hiss etdilər. İkinci bir nüans odur ki, inzibati qərarlar çox da effektiv olmur. Yəni banklar arasında güclü rəqabət prosesini təşkil etmək və ya onların nizamnamə fondunun 50 deyil, 100 milyon manata qaldırmaq yetərli idi ki, bankların birləşməsi təbii xarakter alsın. Hazırda banklara milyonlarla manat vəsait qoyan insanlar var. Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri tam qaytarmağa imkan vermir”.
Zahid Orucun sözlərinə görə, qəbul ediləcək qanun geriyə də şamil olunacaq: “Konstitusiyanın müvafiq maddəsi və onun əsasında hazırlanan normativ hüquqi aktlar var. Orada aydın şəkildə yazılıb ki, yeni qanun vətəndaşlar üçün fərqli bir vəziyyət müəyyənləşdirirsə, bu halda onun tələbləri keçmiş vəziyyətə görə tətbiq olunmur. Yəni, əgər dəyişiklik vətəndaşın ziyanınadırsa, tətbiq olunmur, ancaq xeyrinədirsə, tətbiq oluna bilər. İstənilən vətəndaş yeni çıxan qanun əsasında öz hüquqlarını təmin edə bilər. Onun vəsaitlərinin 30 min manatdan yuxarı hissəsinin qaytarılması bankın qeyri-müəyyən dövrə verdiyi vədlərin ümidinə qoyula bilməz”.