“Azərbaycan Beynəlxalq Bankından külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə vurulmuş maddi ziyanın ödətdirilməsi istiqamətində bütün mümkün tədbirlər görülür”.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində keçirilən əməliyyat müşavirəsində bildirilib. Müşavirədə hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə çıxış edən Baş İdarənin rəisi, polis general-mayoru Seyfulla Əzimov belə deyib.
Onun sözlərinə görə, müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, hesabat dövründə Azərbaycan Beynəlxalq Bankından külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə Baş İdarədə başlanılmış cinayət işinin istintaqı DİN rəhbərliyinin nəzarəti altında davam etdirilir.
Hazırda cinayət işinin ibtidai istintaqının yekunlaşma mərhələsində olmasına baxmayaraq, əlavə cinayət faktlarının aşkar olunması, eləcə də bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri gündəlik nəzarətdə saxlanılır.
Ötən il bir sıra iş adamları Beynəlxalq Bankdan pul götürüb qaytarmadıqlarına görə həbs edilmişdi. Həmin biznesmenlər arasında tanınmış şəxslər də vardı. Bunlardan: “Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmli, neft oliqarxı, “PNN Group”un təsisçisi, Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azİmport” şirkətinin rəhbəri, Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və digərləri vardı.
İş adamları Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılıblar. Onlardan bəziləri sonradan sərbəst buraxılıb.
Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev bu il dekabr ayının 5-də həbs edilib. Sabiq sədr barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
C. Hacıyev ilk dəfə may ayının 20-də Azərbaycanda “Beynəlxalq Bank”a krediti olan bir neçə məşhur iş adamı ilə birgə saxlanılmışdı.
Beynəlxalq Bankın sabiq rəhbəri “kredit oliqarxları”nın işi ilə əlaqədar çağırılıb və sorğu-sualdan sonra dərhal da azad edilib.
ANSPRESS