-1 C
Baku
Sunday, December 15, 2024

Dolları əvəzləmək. Bu asandırmı?

Dünya iqtisadiyyatını və dolların rolunu başa düşmək üçün real sektorla maliyyə sektorunun əlaqəsini yaxşı başa düşmək lazımdır.

Çox bəsitdir əslində: 1) xammal, istehsal, istehlakı fikirləşin, 2) bütün bunların hərəkətini təmin edən tədarük sistemini düşünün, 3) bütün bu prosesləri maliyyələşdirən kredit sistemini və sığorta sistemini düşünün – malların hərəkətinin tərsi pulun hərəkətidir, 4) artıq qalan vəsaitlərin yatırım edildiyi maliyyə bazarlarını fikirləşin.

Bu prosesdə çox ölkə var: biri alır, biri satır, biri istehsal edir, biri istehlak edir. Bu məhsulları daşıyacaq logistika qurulmalıdır. Ölkə içində və xaricində. Bunlara haradansa kredit verilməli, sığortalanmalıdır. Həm də təhlükəsizlik təmin edilməlidir. Bütün bunları pərakəndə şəkildə etsən belə, gərək bir mərkəzi bazara bağlansın, inteqrasiya olsun və gəlib bir mərkəzi valyutaya bağlansın. Yoxsa risklər çox olur və bazarda inteqrasiya pozulur. Xərcləri ödəyəndən sonra qalan miqdar da harasa getməlidir – o da maliyyə kağızlarına, adətən də ticarətin baş verdiyi valyutada olan maliyyə kağızlarına yatırılmalıdır.

İndi bunları dəyişmək üçün gərək ayrı-ayrı ərazilərdə xammal, istehsal, istehlak, logistika, kredit və yatırım mərkəzləri yaransın. Bu iki ssenaridə ola bilər: 1) bir-biri ilə inteqrasiya olmayacaq və bölünmüş regionallaşma getməlidir. Hansı ki, öz aralarında bu faktorları bölə bilsinlər ya da bir mərkəzə yenə yığılsınlar. 2) Qlobal inteqrasiya olacaq amma hansısa yeni bir güc ortaya çıxacaq ki, dolları əvəzləyəcək. Bu güc bütün sistemin yükünü daşımalıdır (təhlükəsizlik və siyasi tərəflərini hələ demirəm). Bunu edəndə də əvvəlkindən daha yaxşı etməlidir.

Bunun baş verməsi üçün real sektorda da yerdəyişmələr olmalıdır –  bir yer xammal və istehsal idisə gərək istehlak ola, o biri yer istehlak idisə gərək xammal və istehsal ola. Heç də asan bir məsələ deyil və xoşa xoşluqla olmayacaq. Bu barədə çox yazmışam.

Böhranlar-şoklar lazımdı bunun üçün. Real sektorda və maliyyə sektorunda – Xammal və istehsal şokları, tədarük şokları. Yığdığın pulları dollara qoymusansa Amerika ona sanksiya qoyursa deməli, həm də sanksiya şokları. Pandemiya və sonra Rusiyanın Ukrayna işğalında bunlar hamısı var. Həm də dollar zəifləməlidir – başqa valyutalara qarşı güclüdür, amma xammala, məhsula qarşı zəifləyib. Bəs dollara yatırım məsələsi? Amerika Xəzinə borclarına xaricilər nə qədər yatırım etməkdə maraqlı olacaq? Amerika borc kağızlarına yatırım etməyəcəklərsə hara yatırım edəcəklər? Öz real sektorlarınamı, başqasının real sektorunamı, yoxsa öz maliyyə sektorlarınamı?

Bütün bunları fikirləşəndə bir də miqyası fikirləşin, trilyonluq bazarları və milyonluq bazarları. Milyonluq bazardan trilyonluq bazar düzəltmə və əksinə trilyonluq bazarı milyonluq bazara salma cəhdləri də nə qədər ağrılı olacaq onu da fikirləşək. Uzatmaq istəmirəm amma qlobal iqtisadi və maliyyə sistemini belə geniş düşünməyinizə kömək etmək istədim…

Son xəbərlər
Digər xəbərlər