-1 C
Baku
Sunday, December 15, 2024

Dörd ərəb ölkəsi Qətərə qarşı ultimatumun müddətini uzadıb

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Küveytin təklifini qəbul edərək Qətərə qarşı irəli sürülən ultimatumun müddətinin 48 saat uzadılmasına dair razılığa gəliblər.

Bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat verib. On gün əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərə 13 bənddən ibarət ultimatum verib. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb.

Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib. “Qarşımıza qoyulan tələblər suverenliyimizin pozulması və xarici siyasətimizə müdaxilə deməkdir”, deyə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Təni bəyan edib.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər