23 C
Baku
Saturday, September 24, 2022

Dörd sualda Şanxay Əməkdaşlıq Təşkilatı – Azərbaycan üzv ola bilərmi?

Prezident Recep Tayyıp Erdoğan ABŞ-da PBS televiziyasına müsahibəsində Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyəti ilə bağlı deyib ki, Avropa İttifaqı 52 ildir onları “qeyri-müəyyən vəziyyətdə” saxlayır:

“Biz NATO ölkəsi olsaq da, hətta NATO ölkələri Avropa İttifaqı prosesində bizi gözlədir. İstər-istəməz fərqli axtarışlara girmək vəziyyətində ola bilərik. Avropa İttifaqı bizi 52 il tutub-saxlayacaq, ona yaxınlaşmağa imkan verməyəcək və ondan sonra ‘niyə burada görüşdü, niyə orda görüşdü?’ deyəcək. Görüşərəm”. 

Prezident Erdoğan ilk dəfə qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 22-ci Dövlət Başçıları Zirvəsində “təhlükəsizlikdən iqtisadiyyata, enerjidən nəqliyyata, kənd təsərrüfatından turizmə qədər bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq” deyib.

Ötən həftə Özbəkistanda keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatına Azərbaycan da qonaq kimi qatılıb.

Bəs ŞƏT-in xüsusiyyətləri nədir? Hansı məqsədlərlə yaradılıb?

BBC ŞƏT haqqında maraq doğuran məsələləri 4 sualda analiz edib.

Şanxay Əməkdaşlıq Təşkilatı nədir?

ŞƏT regional əməkdaşlıq təşkilatıdır. Əsas əməkdaşlıq mövzusu təhlükəsizlik olan ŞƏT ilk olaraq, 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən Şanxay Beşliyi adı ilə yaradılıb. 2001-ci ildə Özbəkistanın da qatılması ilə adı Şanxay Əməkdaşlıq Təşkilatı olaraq dəyişib.

2005-ci ildə Hindistan və Pakistan da təşkilata müşahidəçi qismində qatılıb, 2017-ci ildə tam üzvlüyə keçiblər. Beləcə, təşkilatın üzv sayı səkkizə çatıb.

Təşkilata üzvlük müqaviləsini 15 sentyabr 2022-ci ildə son zirvə görüşündə imzalayan İranın da 2023-cü ilin aprelində tam üzv olması gözlənilir.

Təşkilatın beynəlxalq strukturunda mütəmadi olaraq toplanan Dövlət Başçıları Şurası və Hökumət Başçıları Şurası ilə yanaşı, katiblik, Regional Terrorla Mübarizə Strukturu, Xarici İşlər Nazirləri Şurası kimi strukturlar da mövcuddur.

ŞƏT katibliyi Çinin paytaxtı Pekində, “Regional Terrorla Mübarizə Qurumu” isə Özbəkistanın paytaxtı Daşkənddə yerləşir.

ŞƏT-in üzvləri ilə yanaşı, müşahidəçiləri və dialoq tərəfdaşları da var.

Müşahidəçilər İran, Monqolustan, Əfqanıstan və Belarusdur.

Dialoq tərəfdaşları Şri Lanka, Türkiyə, Kamboca, Azərbaycan, Ermənistan, Nepal, Misir və Qətərdir.

ABŞ-nin müşahidəçi olmaq tələbi isə 2005-ci ildə rədd edilib.

Bu ilki zirvədən əvvəl Çin mətbuatında çıxan xəbərlərdə Türkiyənin dialoq tərəfdaşı statusundan müşahidəçi statusuna yüksələ biləcəyi xəbərləri yer almışdı.

ŞƏT-in üzvü olan 8 ölkənin əhalisi dünya əhalisinin 40 faizdən çoxunu təşkil edir.

Bu siyahıya müşahidəçilər və dialoq tərəfdaşlarını da əlavə etdikdə dünya əhalisinin demək olar ki, yarısı təmsil olunur.

ŞƏT niyə yaradılıb?

Dövlətlərarası bir qurum olan ŞƏT-in yaradılmasında Çin və Rusiyanın Asiyada təhlükəsizliklə bağlı əməkdaşlıq etmək məqsədləri əsas rol oynayıb.

Təşkilatın təhlükəsizlik barəsində narahatlıqlarından biri Orta Asiyadakı islamçı təşkilatlar və narkotika ticarəti idi.

ŞƏT üzvləri bir-biri ilə kəşfiyyat məlumatları paylaşır, birgə hərbi təlimlər təşkil edir, “cinayətkarları” bir-birlərinə təhvil verirlər.

Təşkilat Rusiya və Çinin Orta Asiya ilə bağlı siyasətlərini koordinasiya etmək üçün bir vasitəçi mahiyyətini daşıyır. Lakin bir hərbi ittifaq deyil.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun keçmiş direktoru Bates Gillin sözlərinə görə, təşkilatın yaradılması zamanı Rusiya və Çinin ABŞ-ın Asiyaya mümkün müdaxilələrinə qarşı birgə hərəkət etmək istəkləri də olub.

Bates Gill “Brookings İnstitution” üçün yazdığı məqalədə təşkilata üzv olan ölkələrin imzaladıqları razılaşmalarda yazılan “digər ölkələrin daxili işlərinə “humanitar müdaxilə” və ya “insan haqlarını müdafiə etmə” səbəbilə ediləcək müdaxilələrə qarşı çıxmaqla ölkələrin “təhlükəsizlik məsələlərindən bir-birlərinə yardım etməsi” ifadələrinin bunun sübutu olduğunu söyləmişdi.

ŞƏT-in Avropa İttifaqından nə fərqi var?

Avropa İttifaqı iyerarxik olaraq üzv dövlətlərdən yuxarıda yerləşən hökumətlərüstü struktur olsa da, ŞƏT əməkdaşlıq üçün yaradılmış hökumətlərarası strukturdur.

Aİ-nin iqtisadiyyat, siyasət, təhlükəsizlik və insan haqları ilə bağlı məcburi mükəlləfiyyəti, üzv dövlətlərin millət  vəkilləri tərəfindən təmsil olunan və qanunvericilik səlahiyyətinə malik parlamenti, məhkəməsi, himni və bütün üzv dövlətlərin bayraqları ilə yanaşı istifadə edilən bayrağı var, ŞƏT-də isə bunlar mövcud deyil.

Aİ-yə üzv dövlətlər arasında insanların, kapitalın və məhsulların sərbəst hərəkəti mövcud olsa da, ŞƏT-də bunlar yoxdur.

Aİ digər ölkələrlə azad ticarət sazişi imzalaya bilsə də, ŞƏT üzvlərinin öz aralarında belə azad ticarət sazişi yoxdur.

ŞƏT-lə müqayisədə Aİ-yə daha çox bənzəyən Asiya təşkilatı isə Avrasiya İqtisadi İttifaqıdır (Aİİ).

Rusiya, Qazaxıstan, Ermənistan, Belarus və Qırğızıstanın üzv olduğu Aİİ-də insanların, sərmayənin və məhsulların sərbəst dövriyyəsi mövcuddur.

ilham aliyev
İlham Əliyev ŞƏT-in toplantısında, 15 sentyabr

Avropa İttifaqı və Qlobal Araşdırmalar Assosiasiyasının vitse-prezidenti Can Baydarol Avropa İttifaqının müttəfiqlərinin Aİ üzvünün ŞƏT-ə üzv olmasına icazə vermədiklərini, bu baxımdan hüquqi və texniki maneələrin olduğunu bildirir və “Qərb dünyasındasınızsa, Çin və Rusiya ilə yanaşı ola bilməzsiniz” deyir.

Azərbaycan ŞƏT-ə üzv ola bilərmi?

Bu zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında daha çox Azərbaycanın iqtisadi imkanları barədə danışıb, o cümlədən Azərbaycan-Ermənistan münaqişəsindən bəhs edərək bəzi “aparıcı beynəlxalq təşkilatların səmərəsizliyinin narahatlıq” doğurduğunu deyib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın ŞƏT-lə əlaqələrin qurulmasında bir neçə marağı var.

Onun fikrincə, Azərbaycanın birinci hədəfi bu təşkilatda yer alan ölkələrlə iqtisadi və ticarət əlaqələrini genişləndirməkdir.

“Azərbaycanın əsas marağı isə ondan ibarətdir ki, Çinin elan etdiyi “Bir Kəmər Bir Yol” layihəsi üzrə Çin mallarının bir hissəsinin Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya daşınmasında iştirak etməkdir. Bu Bakı-Tbilisi-Qars dəmiryolu üzrə yük daşımalarının artması deməkdir. Ola bilsin Azərbaycan hökumətinin ümidi onadır ki, Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərmək, müşahidəçi statusu almaq və ya gələcəkdə üzv olmaqla bu prosesləri sürətləndirsin”, – o deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanın strateji müttəfiqi Türkiyənin də bu təşkilata maraq göstərməsi onun bu təşkilata diqqətini artırır: “Əgər Türkiyə bu təşkilata müşahidəçi statusu aldıqdan sonra üzv olmaq istəyrsə, bu, Azərbaycanın da onunla birlikdə hərəkət etməsinə imkan yaradır”.

Siyasi şərhçi hesab edir ki, gələcəkdə Ermənistan da bu təşkilata qoşula bilər və bu baxımdan da,  Azərbaycanın orda olmazı ölkənin maraqları baxımdan əhəmiyyətlidir.

Elxan Şahinoğlunun fikrincə, Azərbaycan ŞƏT-lə əlaqələr qursa, bu, Qərblə münasibətlərə mənfi təsir etməz: “Bu proses Avropa ilə əlaqələrə mane olmur, çünki elə Çindan ixrac ediləcək malların son ünvanı Avropa olacaq”, o əlavə edib.

Son xəbərlər
Oxşar xəbərlər