6 C
Baku
Monday, December 16, 2024

Dövlət banklara, banklar vətəndaşlara möhlət verəcək

→”Vaxtın uzadılması banklar və kreditorlar üçün düzgün qərarın qəbul edilməsi imkanı yaradır”

Bankların öhdəliklərinin könüllü restrukturizasiyası üçün müəyyən olunmuş müddət uzadılıb. Bununla bağlı ötən il dekabrın 29-da Milli Məclisin plenar iclasında “Banklar haqqında” Qanuna dəyişiklik edilib.

Dəyişikliyə görə, qanunun 57-11.6-cı maddəsinə “Hər bir müraciət üzrə uzadılma 180 gün müddətdən artıq ola bilməz” və “Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur” məzmununda dördüncü və beşinci cümlələr əlavə olunub. Qeyd edək ki, dəyişiklikdən əvvəl isə bu müddət 90 gün olub, yəni qüvvədə olan maddəyə əsasən, bu müddət öhdəlikləri restrukturizasiya olunan bankın maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən ümumilikdə 90 gün müddətinədək uzadıla bilər.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov açıqlamasında bildirib ki, son dövrlərdə faktiki olaraq bank sektorunda ciddi problemlər müşahidə olunur və xüsusilə də banklar öhdəliklərini yerinə yetirə bilmir: “Bunun nəticəsində də Azərbaycanda 12 bank bağlanıb, yəni lisenziyası ləğv edilib. Eyni zamanda, bank sektorunda əvvəlki dövrlərdə müşahidə edilməyən problemlər də üzə çıxmağa başlayıb. Məsələn, hüquqi prosedurlarla bağlı müəyyənləşdirilmiş zaman çərçivəsində qiymətləndirmənin daha düzgün aparılması imkanlarının olub-olmaması ilə bağlı və sair”.

rashadhasanov
İqtisadçı-ekspert Rəşad Həsənov

 

Ekspertin qənaətincə, bu dəyişiklik kreditorlara imkan verir ki, qərar qəbul edərkən daha detallı və dolğun qiymətləndirmə apara bilsinlər: “Əgər 2000-ci illərin əvvəlində bankların öhdəlikləri 1-2 milyon ilə ölçülürdüsə, hazırda bəzi bankların öhdəlikləri milyarda yaxındır. Bu isə qiymətləndirmə, eyni zamanda tələblərin yerinə yetirilməsi proseslərini çətinləşdirir. Buna görə də qanunvericiliyin zaman-zaman təkmilləşdirilməsi anlaşılandır. Mövzunun aktuallığı, kreditorlara müraciət, öhdəliklərin restrukturizasiyası ilə bağlı tələblərin çoxluğu və digər məsələləri də nəzərə alsaq, bu dəyişiklik həm banklar, həm də kreditorlar üçün prosesin daha da təkmilləşdirilməsi və düzgün qərarın qəbul edilməsi imkanı yaradır”.

“Bankın öhdəliyi” dedikdə cari və orta müddətli yaxud da cari və uzun müddətli öhdəliklər olaraq təsnifatlaşdırılır. Üümumiyyətlə, “öhdəliklər” deyəndə bankın vergi borcu da daxil olmaqla bütün növ gələcəkdə ödəməli olduğu vəsaitlər nəzərdə tutulur. Məsələn, bankın cəlb etdiyi əmanətlər, kredit təşkilatlarından götürdüyü kreditlər və s. hər biri öhdəliklərin strukturuna daxildir” — həmsöhbətimiz bildirib.

R.Həsənov hesab edir ki, istənilən halda kreditorlar birtərəfli olaraq könüllü şəkildə qərar verməlidir: “Qanunvericiliyə görə, kreditorların səsverməsi ilə restrukturizasiya həyata keçirilə bilir. Kreditorların üçdə ikisi səsvermədə bunu təsdiqləyirsə, bu zaman restrukturizasiya mümkün olur. Yəni burada kreditorların səlahiyyəti var ki, restrukturizasiya planını qəbul etməsinlər. O baxımdan da bu proses könüllüdür, burada üstünlük kreditorlar tərəfindədir”.

Son xəbərlər
Digər xəbərlər