10 C
Baku
Thursday, December 12, 2024

Dövlət başçısı: “Rusiya bizə 220 min doza “Sputnik V” ayırıb, bu, dostluq jestidir”

“Rusiya bizə də həm PZR testləri ilə kömək edib, həm həkim briqadaları, həm də “Sputnik V” vaksini göndərib”.

Bunu Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, biz beynəlxalq səviyyədə də həm kömək edən, həm də “vaksin millətçiliyi”nə qarşı çox fəal çıxış edən azsaylı ölkələrdən biriyik:

“Mən beynəlxalq tribunalardan çıxışlarımda dəfələrlə demişəm, rəqəmlər gətirmişəm ki, inkişaf etməkdə olan ölkələr arasında vaksinasiya səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə onlarca dəfə aşağıdır. Üstəlik, inkişaf etmiş bəzi ölkələr, xüsusən ilk dövrdə, bu vaksinlərin çatışmadığı, onları əldə etməyin çox çətin olduğu dövrdə onları külli miqdarda alıblar və almaqda davam edirlər. Mehriban deyir ki, biz yanvarda başlamışıq, lakin bu, çox çətin idi, çünki o vaxt, ümumiyyətlə, vaksinləri olanlar az idi, biz regionda birincilərdən biri olduq. Məhz yardım göstərmək, inkişaf etməkdə olan ölkələrə kömək göstərmək üçün biz başçılıq etdiyimiz Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi təşəbbüsünü, sonra isə Qoşulmama Hərəkatının adından Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdük və bu sessiya keçirildi. Həmçinin nəinki başqalarına kömək etməyən və yalnız özü haqqında düşünən, həm də onlara lazım olduğundan qat-qat çox vaksin alan ölkələri qınayan müvafiq qətnamələr qəbul edildi. İndi mən həmin ölkələrin adlarını çəkmək istəmirəm, bu statistika bizdə var. Bu, qəbul edildi. Ona görə ki, həqiqətən qlobal mənzərəyə nəzər salsaq inkişaf etmiş ölkələr, – təbii ki, Avropa ölkələri, – özlərini tam təmin ediblər, amma belə adlanan üçüncü dünya ölkələrinin çoxunda hətta kimin ölməsi, kimin qalması statistikası belə aparılmır. Onlar, sadəcə, taleyin ümidinə qalıb”.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, təqribən 80 ölkəyə maliyyə yardımı və humanitar yardım göstəriblər:

“Bir çox ölkələrə vaksinlərlə – həm Çin vaksini, həm AstraZeneca ilə yardım göstərmişik və göstərməkdə davam edirik. Biz Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ilk növbədə, Qoşulmama Hərəkatının üzvü olan ölkələrdə vaksinasiya üçün 10 milyon dollar könüllü ianə ayırmışıq və ÜST özünün açıq çıxışlarında Azərbaycanı həm daxildə, həm də kənarda nümunəvi ölkə kimi qiymətləndirib. Ona görə bu beynəlxalq format da çox vacibdir. Mən bilirəm ki, Rusiya da çox fəal kömək edib və edir. Yeri gəlmişkən, Rusiya bizə də həm PZR testləri ilə kömək edib, həm həkim briqadaları, həm də “Sputnik V” vaksini göndərib. Biz bilirik ki, bəzən ölkə daxilində də “Sputnik V” vaksini çatışmır, lakin bizim üçün artıq 220 min doza ayrılıb. Əlbəttə, bizim istifadə etdiyimiz 12 milyon doza ilə müqayisədə bu, kiçik miqdardır, lakin hər halda bu da dostluq jestidir. Biz bunu belə qəbul etmişik”.

Son xəbərlər
Digər xəbərlər