Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi 4 fəsil və 14 maddədən ibarətdir.
Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Dövlət ehtiyatları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil ediləcək.
Ələt azad iqtisadi zonasında dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənəcək.