16 C
Baku
Thursday, March 28, 2024

Dövlət Neft Fondu 2017-ci il üzrə gəlir və xərclərini açıqladı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2017-ci il ərzində ARDNF-nin büdcə gəlirləri 12,138 mlrd. manat, büdcə xərcləri isə 11,016 mlrd. manat təşkil edib.

Bu barədə Banker.az-a Fonddan məlumat daxil olub.

2017-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11,054 mlrd. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11,03 mlrd. manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 17,9 milyon manat təşkil edib.

Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1,084 mlrd. manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 876,2 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 6,1 mlrd. manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 105,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 20,5 milyon manat vəsait ayrılmışdır. 17,0 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilmişdir. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 3 949,5 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilmişdir. “Star” neft emalı kompleksinin tikintisinə 735,4 milyon manat vəsait ayrılmışdır. 2017-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 18,1 milyon manat təşkil etmişdir.

2018-ci il yanvarın 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 8,02% artaraq 35 806,5 milyon ABŞ dollarına bərabər olmuşdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına olmuşdur.

Son xəbərlər
Digər xəbərlər