Koronavirus (COVID-19) pandemiyası şəraitində müəyyən xidmət sahələrinə, o cümlədən çatdırılma (kuryer) xidmətlərinə tələbat artdığından, bu sahədə yeni bazar subyektləri fəaliyyətə başlayıb və rəqabət daha da artıb.
Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatında bildirilir.
Məlumatda həmçinin deyilir ki, qurum artan tələbatı nəzərə alaraq çatdırılma (kuryer) xidmətləri bazarında sağlam rəqabət şəraitinin qorunması üçün həmin sahəyə nəzarəti daha da artırıb. Araşdırmalar zamanı çatdırılma xidmətləri bazarında rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına təsir göstərməklə haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib.
Bununla əlaqədar Dövlət Xidməti “Wolt Azerbaijan” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. İşə baxılmasının nəticəsi olaraq müvafiq qərar qəbul edildikdən sonra bu barədə ictimayətə əlavə məlumat veriləcək.
Rəqabətin pozulması və haqsız rəqabət halları ilə rastlaşan sahibkarlar 498-15-01, 498-15-04 nömrəli telefonlar vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.