Dünya Bankı 2022-ci ildə dünya iqtisadiyyatının artım tempi ilə bağlı proqnozunu aşağı salıb.
Banker.az xəbər verir ki, təşkilat qlobal iqtisadi artımın keçən ilki 5.5%-dən sonra 4.1%-ə qədər yavaşlayacağını hesab edir. Cari ilin proqnozu iyun ayı ilə müqayisədə 0.2 faiz bəndi azaldılıb.
Vurğulanır ki, qlobal iqtisadiyyat COVID-19 ştamlarının yeni təhdidləri, artan inflyasiya, eləcə də inkişaf etməkdə olan ölkələrdə bərpaya mane ola biləcək gəlir bərabərsizliyi fonunda nəzərəçarpacaq dərəcədə yavaşlamaya doğru gedir.
Əhəmiyyətli yavaşlama ABŞ və Çin də daxil olmaqla dünyanın bütün böyük iqtisadiyyatlarında müşahidə olunacaq. Dünya Bankının proqnozuna görə, 2023-cü ilə qədər bütün inkişaf etmiş iqtisadiyyatlar istehsalın tam bərpasına nail olacaqlar, inkişaf etməkdə olan ölkələrdə isə istehsal pandemiyadan əvvəlki səviyyədən 4% aşağı qalacaq.
ABŞ-da Dünya Bankı 2022-ci il üçün ÜDM-in 3.7% artacağını proqnozlaşdırır ki, bu da əvvəlkindən 0.5 faiz bəndi aşağıdır. Çində isə iqtisadiyyatın 2022-ci ildə 5.1 artacağı gözlənilir.
“Əsas prioritet vaksinlərin daha geniş və ədalətli paylanmasını təmin etmək olmalıdır ki, pandemiya nəzarət altına alına bilsin”, – deyə Dünya Bankının inkişaf siyasəti və tərəfdaşlıq üzrə direktoru Mari Panqestu söyləyib.
Rusiya üçün proqnoz dəyişməz qalıb. Dünya Bankı Rusiya ÜDM-sinin 2022-ci ildə 2.4%, 2023-cü ildə isə 1.8% artacağını gözləyir.