Dünya Bankının son proqnozlarına görə, 2021-ci ildə qlobal bazarda xam neftin bir barelinin orta qiyməti 56 ABŞ dolları təşkil edəcək. Bu, ötən (oktyabr ayı) proqnozdan 28,4% çoxdur.
Bu barədə Dünya Bankının yenilənmiş proqnozunda deyilir.
Qeyd olunur ki, 2022-ci ildə neftin orta qiymətinin bir qədərdə artaraq 60 dollara çatacağı gözlənilir. Bu, ötən proqnozla müqayisədə 6,5% azdır.
Bank qeyd edir ki, builki proqnozun yaxşılaşdırılmasının əsas səbəbləri qlobal iqtisadiyyatın gözlənilən böyüməsi, həmçinin OPEC və “OPEC+” ölkələri tərəfindən tədricən neft hasilatının artırılmasıdır. Lakin COVID-19-un yeni dalğası səbəbindən bazarda tələbin azalması “OPEC+” ölkələrinə təzyiq göstərə bilər.
“Razılaşmanın sona çatması və qlobal istehsalın kəskin artması neft qiymətlərinin gözləniləndən əhəmiyyətli dərəcədə aşağı olması ilə nəticələnə bilər. Bundan əlavə, ABŞ-da şist neftinin hasilatının gözləniləndən daha sürətli canlanması “OPEC+” ölkələrinə əlavə ciddi təzyiq göstərə bilər”, – bankın proqnozunda deyilir.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun “World Economıc Outlook” hesabatının aprel buraxılışında bu il xam neftin bir barelinin orta qiyməti 41,7% artaraq 58,52 ABŞ dolları təşkil edəcəyi bildirilmişdi. Hazırda dünya bazarlarında “Brent” markalı neft 66,13 dollara, WTI isə 62,18 dollara ticarət olunur.
Xatırladaq ki, Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar nəzərdə tutulub.