9 C
Baku
Thursday, December 12, 2024

Dünya Bankı özünün yeni ekoloji və sosial normalar çərçivəsini təqdim edib

Dünya Bankı Azərbaycandakı tərəfdaşları üçün bankın yeni ekoloji və sosial normalar çərçivəsinin təqdimatını keçirıb.

Yeni qaydalar 2016-cı ilin avqustunda qəbul olunub və bu ilin payızından etibarən Dünya Bankının dəstəkləyəcəyi bütün layihələrə tətbiq olunacaq.

Dünya Bankının ekoloji və sosial normalarının yeniləşdirilməsi ehtiyacı bir neçə il əvvəl bu normaların digər beynəlxalq maliyyə təşkilatlarının siyasətləri ilə uyğunlaşdırılması, yeni narahatlıqların, məsələn, iqlim dəyişikliyi ilə bağlı risklərin daha yaxşı əhatə olunması və son dövrlərdə əldə edilmiş yaxşı praktikanı əks etdirmək zərurətindən yaranmışdı. Yeni normalar 4 il ərzində 60-dan çox ölkə ilə məsləhətləşmələrin gedişində hasil olub.

Dünya Bankının ekoloji və sosial normaları belə bir mülahizəyə əsaslanır ki, ətraf mühit və sosial məsələlər erkən nəzərə alınarsa layihələr daha dayanıqlı olacaq və daha böyük inkişaf effektinə malik olacaq. Buna görə də yeni normalar layihələrin hazırlanması prosesinin tərkib hissəsi olacaq.

Yeni qaydalar ölkə sistemlərindən daha geniş istifadəni nəzərdə tutur. Borcalanlar öz ekoloji və sosial qanunvericiliklərinin müvafiq hissələrini layihələrə şamil edilməsini təklif edə bilərlər. Bu zaman Dünya Bankı Borcalanın siyasət, hüquqi və institusional bazasını təhlil edəcək və qərar verəcək.

Bu səbəbdən potensialın və institusional strukturun gücləndirilməsi yeni ESN-in vacib hissəsi olacaq. Keçən dövr ərzində bir çox ölkələr öz ekoloji və sosial mühafizə siyasətlərini əhəmiyyətli dərəcədə təkmilləşdiriblər. Digərlərində bu iş hələ davam etməkdədir. Dünya Bankı orta və uzunmüddətli planda öz borcalanlarının ekoloji və sosial mühafizə siyasətləri sahəsində potensiallarının gücləndirilməsi məqsədinə sadiqdir və hazırda bu işi daha sistematik şəkildə həyata keçirmək üçün strategiya üzərində çalışır.

Son xəbərlər
Digər xəbərlər