Yaponiya Hörmüz boğazından kənar BƏƏ-dən 20 mln. barel neft tədarükü barədə razılığa gəlib

Yaponiya hökuməti BƏƏ ilə Hörmüz boğazından keçməyəcək marşrut üzrə əlavə 20 milyon barel neft tədarükü barədə razılığa gəlib. “Nikkei” qəzetinin məlumatına görə, bu partiya Oman körfəzində yerləşən və BƏƏ yataqları ilə boru kəməri vasitəsilə bağlı olan Füceyrə limanından göndəriləcək.

Liman daha əvvəl İran tərəfindən pilotsuz uçuş aparatları ilə hücumlara məruz qalıb. Buna görə də nəşr qeyd edir ki, Yaponiyanın Füceyrə limanı vasitəsilə təhlükəsiz idxalı təmin etməsi üçün regionda vəziyyətin sabitləşməsi vacibdir.

Bundan əvvəl Parisdə keçirilən mətbuat konfransında Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Rosei Akadzava bildirib ki, BƏƏ və Səudiyyə Ərəbistanı Hörmüz boğazının faktiki blokadasına baxmayaraq, yeni yanaşmalar əsasında sabit neft təchizatı təmin edəcəklərinə söz veriblər. Onun sözlərinə görə, bu ölkələrin ixrac üçün alternativ marşrutları mövcuddur.

BƏƏ kimi, Səudiyyə Ərəbistanı da nefti Hörmüz boğazından yan keçməklə ixrac etməyə imkan verən limana malikdir. ABŞ və İsrailin İrana zərbələr endirməsindən əvvəl Yaponiyanın əsas neft idxalı məhz bu iki ölkənin payına düşürdü.

Son xəbərlər
Digər xəbərlər