OPEC ölkələrində neft hasilatı 36 illik minimuma enib

“Bloomberg”in məlumatına görə, aprel ayında OPEC ölkələrində neft hasilatı sutkada 420 min barel azalaraq 20,55 milyon barelə düşüb. Bu, 1990-cı ildən bəri ən aşağı göstərici olub. Mart ayında da OPEC ölkələrində hasilat kəskin şəkildə — sutkada 8,6 milyon barel azalmışdı ki, bu da son onilliklərin ən böyük enişi sayılır.

“Bloomberg”in neft hasilatı ilə bağlı məlumatları tanker hərəkətlərinin izlənməsi, rəsmi şəxslərdən alınan məlumatlar və “Rapidan Energy Group”, “FGE NexantECA”, “Kpler” və “Rystad Energy” şirkətlərinin məsləhətçi qiymətləndirmələri əsasında hazırlanıb. Ötən aya dair statistikaya hələ də BƏƏ-nin göstəriciləri daxildir, baxmayaraq ki, ölkə mayın 1-dən təşkilatdan çıxıb.

Neft hasilatının azalmasının əsas səbəbi ABŞ və İran arasında baş verən müharibə olub. Nəticədə Fars körfəzi ölkələrindən ixrac həcmləri azalıb. “Bloomberg” qeyd edir ki, müharibənin yaratdığı təchizat problemləri neft bazarı tarixində ən böyük pozuntuya çevrilib. Bu isə aviasiya yanacağı, dizel və benzinin bahalaşmasına, yeni inflyasiya dalğası və qlobal resessiya riskinin yaranmasına səbəb olub.

Ən ciddi itkilərlə Küveyt və İran üzləşib. Agentliyin sorğusuna əsasən, aprel ayında ən böyük azalma Küveytdə qeydə alınıb — hasilat sutkada 470 min barel azalaraq 800 min barelə düşüb. “Bloomberg”in qeyd etdiyi kimi, bu göstərici müharibədən əvvəlki səviyyənin üçdə birindən də azdır. Tankerlərin izlənməsi məlumatlarına görə, Küveytin ixracı sutkada 22 min barelə qədər enib. İranda isə neft hasilatı sutkada 180 min barel azalaraq 3,05 milyon barel təşkil edib ki, bu da müharibənin əvvəlindən bəri azalma tempinin iki dəfə artdığını göstərir.

Hörmüz boğazı ətrafındakı vəziyyətə baxmayaraq, OPEC+ ölkələrinin yeddisi iyun ayında neft hasilatı kvotasını sutkada 188 min barel artırmaq barədə razılığa gəlib. “Bloomberg”in qeyd etdiyi kimi, bu qərar ən azı kağız üzərində dayandırılmış hasilatın bərpasını davam etdirməyə imkan verəcək.

Hörmüz boğazı dünya neft ticarətinin ən vacib marşrutlarından biridir — dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri buradan keçir. Aprelin 12-də Donald Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri digər ölkələrlə birlikdə Hörmüz boğazını nəzarətə götürəcək və Tehrana keçid haqqı ödəyən gəmiləri aşkar edib saxlayacaq. İran aprelin 17-də Hörmüz boğazının açıldığını elan etsə də, artıq aprelin 18-də İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin İran gəmiləri və limanlarına tətbiq etdiyi dəniz blokadasına görə boğazın bağlandığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər