6 C
Baku
Monday, December 16, 2024

Dünya Bankının Azərbaycanla yeni tərəfdaşlıq strategiyası oktyabrda təsdiqlənə bilər

Dünya Bankının Direktorlar Şurası oktyabrın sonunda Azərbaycanla 2025-2029-cu illər üçün nəzərdə tutulmuş yeni tərəfdaşlıq strategiyasını təsdiq etməyi planlaşdırır.

Bu barədə Bankın Bakı ofisindən məlumat verilib.

“Bankın Cənubi Qafqaz üzrə direktoru Rolanda Praysın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya bugünkü səfəri çərçivəsində bu çərçivə sənədi ilə bağlı məsləhətləşmələr davam etdirilib”, – Bankdan bildirilib.

2015-ci ildə təsdiq edilmiş əvvəlki tərəfdaşlıq strategiyası Azərbaycanın qarşısında duran ciddi çağırışlar nəzərə alınmaqla hazırlanmışdı. O, yeni artım modelinə keçid zamanı dövlət maliyyə idarəçiliyi və iqtisadiyyatın şaxələndirilməsi sahəsində daha yaxşı göstəricilərə nail olmaq üçün ölkənin dəstəklənməsinə, eləcə də ölkənin xarici şoklara qarşı dayanıqlığının gücləndirilməsinə fokuslanmışdı.

Amma 2020-ci ildən etibarən dünya COVID-19 pandemiyasının yaratdığı yeni iqtisadi təlatümlə üzləşib. Karbohidrogenlərə qlobal tələbatın azalması neftin qiymətinin kəskin aşağı düşməsinə səbəb olub və bu, neft sektorundan ciddi şəkildə asılı olaraq qalan Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərib.

Bu çətinliklərə baxmayaraq, Azərbaycan dəyişikliklər etməyə əzmini nümayiş etdirir. Ölkə “yaşıl” iqtisadiyyata keçid və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına iddialı məqsədlər qoyur.

Bankın Azərbaycanla yeni tərəfdaşlıq strategiyası bu məqsədləri dəstəkləmək üçün hazırlanıb. Artıq iki əsas layihə müəyyənləşdirilib. Bunlardan birincisi Azərbaycanın məşğulluğa dəstək proqramının genişləndirilməsidir: Dünya Bankı iş yerlərinin yaradılmasını təşviq etmək və işçi qüvvəsinin bacarıqlarını artırmaq məqsədi daşıyan bu proqrama 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyə ayırmağı planlaşdırır. İkinci layihə isə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini (AZURE) nəzərdə tutur. Bu layihə çərçivəsində Bank, ilkin hesablamalara görə, külək və günəş enerjisinin inkişafı vasitəsilə “yaşıl” iqtisadiyyata keçidə can atan Azərbaycana dəstək olmaq üçün 250 milyon ABŞ dolları ayırmağı planlaşdırır.

Yeni strategiyanın əhatə edəcəyi digər perspektivli əməkdaşlıq sahələrinin müzakirələri hələ də davam edir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bu günə kimi Azərbaycanda Bankın kredit vəsaitləri hesabına ümumi məbləği 4,4 milyard ABŞ dolları olan 54 layihə həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər