Norveçli şahmatçı Maqnus Karlsen 2013-cü ildən bəri sahib olduğu dünya titulundan könüllü olaraq imtina edir. O, rusiyalı Yan Nepomnyaşşi ilə şahmat tacı uğrunda oynamayacağını açıqlayıb. Ən gənc qrossmeysterlərdən biri qərarını motivasiyanın olmaması ilə izah edib.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Qeyd edək ki, Karlsen 2023-cü ilin əvvəlində çempion titulunu müdafiə etməli idi. Final oyunda onu rusiyalı qrossmeyster Yan Nepomnyaşşi gözləyirdi. Lakin iyulun 20-də “The Magnus Effect” adlı video podkastında norveçli oyunçu oyunda iştirak etməyəcəyini açıqlayıb. O, artıq bu barədə Beynəlxalq Şahmat Federasiyasına (FIDE) məlumat verib.
Şahmatçının sözlərinə görə, Federasiya rəhbərliyi onu razı salmağa çalışıb və oyun üçün “daha maraqlı formatlar” təklif edib. Lakin qrossmeyster qətiyyətlidir və fikrini dəyişməyəcəyini vurğulayıb. Karlsen qərarın kortəbii olmadığını deir – o, bu barədə təxminən bir il yarım düşünüb.
Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən, şahmatçılardan birinin final oyundan imtina etdiyi halda, qələbə avtomatik olaraq onun rəqibinə verilə bilməz. Buna görə də Yan Nepomnyaşşi daha bir şahmatçı – çinli Dinq Lirenlə oynamalı olacaq.
Maqnus Karlsenin 31 yaşı var və o, 2013-cü ildən məşhur hindistanlı qrossmeyster Vişvanatan Anandı məğlub etdikdən sonra dünya çempionu titulunu qoruyub saxlayır. 2016-cı ildə Maqnus Karlsen rusiyalı Sergey Karyakini də məğlub edib.