Dünya elektron ticarət dönəmi: Biz bu prosesə niyə gecikirik?

Vüsalə Əhmədova: “Nağdsız ödənişlərin payının artırılması bizə ”kölgə iqtisadiyyatından" müəyyən qədər qurtulmağa imkan verə bilər"

0

Bu gün rəqəmsallaşan  dünyanın gündəmində olan əsas məsələlərdən biri də nağdsız hesablaşmalar və elektron  ticarətdir. İnkişaf etmiş ölkələrdə nağdsız hesablaşmalar ümumi ticarət dövriyyəsində böyük yer tutur. Azərbaycanda isə əhalinin əksəriyyəti maaş və pensiyaları plastik kartlarla alsalar da, nağd şəkildə xərcləmək vərdişindən imtina etmək istəmirlər. Bu səbəbdən ölkəmizdə elektron ticarətin inkişafı da gecikir.

Bəs əhalinin elektron ticarətə, nağdsız ödənişlərə cəlb edilməsi üçün nə etmək lazımdır?


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Vüsalə Əhmədova bildirdi ki, dünyada elektron ticarətin həcmi böyük sürətlə artmaqdadır: “Elektron ticarət internet vasitəsilə onlayn və ya offlayn icra edilən əməliyyatlar sayılır. Termin məhz keçən əsrin sonlarında İBM şirkəti tərəfindən yaradılmış, 1980-ci ildən etibarən ”Ford”, “Peugeot”, “General Motors” və “Nissan” kimi iri miqyaslı avtomobil istehsalçıları internet-mağazalardan istifadə etməyə başlayınca geniş vüsət almışdı. 2000-ci ildən başlayaraq isə əsasən Amerika və Avropa şirkətləri öz məhsul və xidmətlərini internet vasitəsilə təqdim etməyə başladılar. 2012-ci ildə qlobal miqyasda 25 faiz olan e-ticarət, son üç ildə 60 faizə yüksəlib. E-ticarət həcminə görə ilk beşlikdəki ölkələr ABŞ, Çin, İngiltərə, Yaponiya və Almaniyadır. Onlayn  ticarət dövriyyəsi 2016-cı ildə 2 trilyon dollar olduğu halda, 2018-ci ildə qlobal e-ticarət həcmi 2,5 trilyon dollar səviyyəsinə çatıb, 2020-ci ildə isə bu rəqəmin 4 trilyon dollar olacağı gözlənilir”.

 

Ölkəmizdə e-ticarət dövriyyəsinin  pərakəndə ticarət dövriyyəsindən dəfələrlə aşağı olduğunu deyən ekspert bu sahədə qonşu Türkiyədən geridə olduğumuzu vurğuladı: “Ölkəmizdə hazırda istifadədə olan cəmi bank kartlarının sayı 5 milyon 558 min ədəd təşkil edir ki, onların da 2 milyon 545 min ədədi sosial, 1 milyon 702 min ədədi əmək haqqı, 745 min ədədi isə digər kartlardır. İnsanlarımızın böyük əksəriyyəti əmək haqqı və təqaüd kartlarından yalnız nağd pulun çıxarılması üçün istifadə edirlər. Müqayisə üçün bildirmək istərdim ki, Türkiyədə istifadədə olan bank kartlarının sayı 131 milyon 600 min ədəddən çoxdur. Burada hər 5 kredit kartından 2-si internet alış-verişində istifadə olunur. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sözlərinə görə, Azərbaycanda elektron kommersiya dövriyyəsi 2017-ci ildə 46 milyon 227 min manata yüksəlib. Göründüyü kimi, hər nə qədər yüksəlmə qeydə alınsa da, ölkəmizdə e-ticarət dövriyyəsi pərakəndə ticarət dövriyyəsindən dəfələrlə aşağıdır. Bundan əlavə, hazırda BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) B2C elektron kommersiya indeksində Azərbaycan 144 ölkə arasında 68-ci yerdədir”.

V.Əhmədova hesab edir ki, ölkəmizdə elektron ticarətin genişlənməsi üçün hökumət müəyyən güzəştlər təklif etməlidir: “Xatırladım ki, 2016-cı ildə hökumətimiz internet saytlarından ediləcək onlayn alış-verişlər üçün 18 faizlik ƏDV tətbiq etdi. Bildiyiniz kimi, Azərbaycanda ”Elektron ticarət haqqında” Qanun qəbul edilib. Qanun elektron ticarət qaydalarından tutmuş, işlərin və xidmətlərin təqdim edilməsi, elektron ticarətin iştirakçısı olan satıcı və alıcıya dair tələbləri müəyyən edən normalaradək özündə ehtiva edir. Vergi Məcəlləsinə də rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsinin işlək mexanizmini müəyyən edən müddəalar əlavə edilib. Qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə elektron ticarət qaydasında göstərilən xidmətlərdən, ödəməni həyata keçirən bank tərəfindən ƏDV hesablanır və alıcının vəsaiti hesabına tutulmaqla dövlət büdcəsinə ödənilir. İnternet şəbəkəsi vasitəsilə elektron kitabların, audio-vizual materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi də qeyri-rezidentin göstərdiyi iş və xidmət hesab edilməklə ƏDV-yə cəlb edilir. Hazırda demək olar ki, elektron ticarət xüsusən sahibkarlar üçün sərfəlidir. Elektron ticarətin ölkəmizdə geniş vüsət alması üçün müəyyən vergi güzəştlərinin tətbiq edilməsi vacibdir. E-ticarəti ƏDV-dən azad etməklə istehlakçılar üçün daha sərfəli hala gətirmək olar. Bundan əlavə, ölkəmizdə bir çox onlayn market saytları özlərinin fiziki ünvanlarını göstərmirlər, bu isə alıcıların internet mağazalara inamını azaldır. Digər bir səbəb kimi, e-ticarət saytlarında və hətta böyük şirkətlərin saytlarında belə axtarış motoru optimallaşdırması aşağı səviyyədədir, onlayn marketlərin bloqunun mövcud olmadığını da qeyd etmək istərdim. Amazon, E-bay, Aliexpress kimi dünyanın nəhəng elektron ticarət platformalarının Azərbaycana çatdırılma xidməti yoxdur. Ümumiyyətlə, vətəndaşların plastik kartla ödəniş etməkdə maraqlı olmaları üçün il ərzində həyata keçirdikləri ödənişlərin 5-7 faizinin bonus şəklində vətəndaşın hesabına yüklənməsini tövsiyə edərdim. Nağdsız ödənişlərin payının artırılması bizə “kölgə iqtisadiyyatından” müəyyən qədər qurtulmağa imkan verə bilər. Kağız pulların az istifadəsi ölkədə cinayətkarlığın sayının azalmasında da mühüm rol oynayır”.

Banker.az