2020-ci ilin sonunda dünya ölkələrinin ümumi dövlət borcu qlobal ümumi daxili məhsulun (ÜDM) demək olar ki, 100%-nə çatıb.
Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) məlumat verib.
Dövlət borcunun artmasına koronavirus pandemiyası əhəmiyyətli dərəcədə təsir göstərib. Ölkələr insanları xilas etmək, istehsal və istehlaka vurulan zərbəni yumşaltmaq, o cümlədən gəlir səviyyəsini dəstəkləmək üçün 14 trilyon dollar beynəlxalq maliyyə yardımı alıblar.
“Bu dəstək gəlirlərin aşağı düşməsinə səbəb olan iqtisadi tənəzzül ilə yanaşı, dövlət borclarının və kəsirlərinin artmasına səbəb olub. Belə ki, 2020-ci ilin sonunda onların qlobal ÜDM-in 98%-nə çatması təxmin edilir”, – mesajda deyilir.
2019-cu ilin payızında BVF 2020-ci ilin sonunadək qlobal dövlət borcunun bütün ölkələrin iqtisadiyyatları həcminin 84%-i səviyyəsində olacağını proqnozlaşdırmışdır. Eyni zamanda, keçən yay təşkilat 101.5% proqnozlaşdırmışdır ki, bu da mövcud göstəricidən daha pisdir.
Dövlət borcuna görə inkişaf etmiş ölkələr arasında Yaponiya liderdir – 258.7% (2019-cu ildə 234.6%). ABŞ-da bu rəqəm 128.7% (bir il əvvəl 108.2%), Rusiyada – 21% (bir il əvvəl 13.8%). Koronavirus pandemiyasının başlandığı Çində dövlət borcunun ÜDM-yə nisbəti 65.2% (bir il əvvəl 56.5%) təşkil edir