Milli banklar haqqında qanun qüvvəyə mindikdən sonra 20 iyun 1863-cü ildə ABŞ-da ilk milli bank olan First National Bank in Davenport-un əsası qoyuldu. Yarım əsrdən sonra maliyyə sisteminin formalaşdırılmasına belə bir yanaşma aktuallığını itirdi və ölkədə bu günə qədər fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FES) yaradıldı.
Banker.az müxtəlif ölkələrin bank sistemlərinin mərkəzləşdirilməsi prosesinin necə baş verdiyi ilə tanış olmağı təklif edir:
İsveç bankı (Riksbank ) — 349 il
Müasir anlamda ilk Mərkəzi bank İsveçin Riskbankdır. İlk olaraq bu bankın yalnız bir funksiyası var idi ki, bu da hökumətin kreditləşməsindən ibarət idi. Lakin artıq 18-ci əsrin əvvəlində bank banknot buraxmaq hüququ əldə etdi. Hazırda bu bank dünyanın ən qədim Mərkəzi bankıdır. Standart funksiyalarla yanaşı, onun öhdəliklərinə iqtisadiyyat üzrə Nobel mükafatının təqdim edilməsi də daxildir.
İngiltərə bankı — 323 il
İngiltərə bankı 17-ci əsrin sonunda, daha doğrusu 27 iyun 1694-cü ildə yaradılıb. Cəmi bir ildən sonra daimi əsasda pul çap etməyə başlayan ilk tənzimləyici oldu. Hazırda isə bu bank şəxsi kriptovalyutasını yaratmaq imkanını nəzərdən keçirən ilk banklardan biridir.
Fransa bankı – 217 il
1800-cü ildə, Fransa inqilabından dərhal sonra Napoleon Bonapart Mərkəzi bankın yaradılması ilə bağlı fərman verdi. Fransanın inqilabı dəstəkləyən 15 nəhəng maliyyə təşkilatı fransız maliyyəsinin monopoliyasını və bu müəssisə üzərində nəzarəti ələ götürdü. 19-cu əsrin ortalarında Mərkəzi bank bütün Fransa üçün pul çap edirdi. Hazırda Fransa Mərkəzi bankı startapları və Blockchain texnologiyasını genişləndirir.
Yaponiya bankı — 135 il
Yaponiya Mərkəzi bankı 19-cu əsrin sonunda (1882) Yaponiyada siyasi, hərbi və sosial-iqtisadi islahatların fonunda peyda olur. Maliyyə sistemi digər institutlar kimi imperator hakimiyyətinə tabe idi. Yen məhz elə bu zaman peyda olur və yerli knyazlıq tərəfindən buraxılan kəsilmiş pulları əvəz edir.
Federal Ehtiyat Sistemi – 104 il
1913-cü ildə ABŞ-da kommersiya bank sistemi üzərində nəzarəti mərkəzləşdirmək üçün FES yaradılır. Hazırda FES dünyanın ən nüfuzlu Mərkəzi banklarından biridir.
Çin Xalq bankı — 69 il
Ötən əsrin ortalarında (1948) 3 nəhəng maliyyə təşkilatının birləşdirilməsi nəticəsində Çin Mərkəzi bankı peyda oldu. Bank mövcud olduğu ilk 30 il ərzində tənzimləyici və kommersiya bankının funksiyalarını özündə birləşdirirdi. Daha sonradan 4 dövlət bankı sonuncu funksiya ilə təhkim edilir.
Avropa Mərkəzi bankı — 19 il
AMB-nın unikallığı ondan ibarətdir ki, bu bank 1998-ci ildə Avrozonanın bütün ölkələrində pul siyasətini həyata keçirmək üçün yaradılıb. Hazırda bu avro valyutasına keçmiş 19 dövlət deməkdir. Onun idarəedici orqanlarının tərkibinə Aİ-na üzv olan bütün dövlətlərin nümayəndələri daxildir.