EBRD Azərbaycan-Özbəkistan birgə layihəsinə 158 milyon dollar ayıra bilər

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Özbəkistanın Fərqanə vilayətində böyük tibb kompleksinin yaradılması üçün 158 milyon ABŞ dollarına qədər kredit ayırmaq imkanını nəzərdən keçirir.

Bankın maliyyə paketinin iki tranşdan – 120 milyon ABŞ dollarınadək təminatlı əsas kreditdən və 38 milyon ABŞ dollarınadək səhmdar kapitalı hesabına veriləcək körpü kreditindən ibarət olması nəzərdə tutulur. EBRD-in Direktorlar Şurası oktyabrın 21-də kreditlərin ayrılması məsələsinə baxacaq.

Ayrılan resurslar 800 çarpayılıq çoxsahəli stasionarın layihələndirilməsinə, inşasına, təchizatına, texniki müşayiətinə və sonradan təhvil verilməsinə yönəldiləcək. Layihə Özbəkistanın Səhiyyə Nazirliyi ilə imzalanmış dövlət-özəl tərəfdaşlığı üzrə 23 illik müqavilə çərçivəsində həyata keçirilir.

Borcalanlar beynəlxalq konsorsiumun iştirakçılarının bərabər və ya paylı əsasda benefisiar olduğu xüsusi təyinatlı şirkətlərdir: Səudiyyə Ərəbistanının “Vision International Investment Company” (“Vision Invest”), Türkiyənin “KOC Construction Mekanik Elektrik LLC FE” (“KOC Construction”) şirkətləri, eləcə də ikitərəfli iqtisadi əməkdaşlığa kömək məqsədilə Azərbaycan və Özbəkistan hökumətləri tərəfindən təsis edilmiş “Azərbaycan-Özbəkistan İnvestisiya Fondu” MMC (AUIC) birgə müəssisəsidir.

Layihənin ümumi dəyəri 340 milyon dollaradək qiymətləndirilir. EBRD-in resursları ilə yanaşı, səhmdar borcları formasında sponsorlar tərəfindən, həmçinin digər beynəlxalq inkişaf institutlarının iştirakı ilə maliyyələşmə cəlb olunur. Yaradılan tibb mərkəzi əhalinin yüksək texnologiyalı tibbi yardım növlərinə, o cümlədən kardiocərrahiyyə, neyrocərrahiyyə və transplantologiyaya əlçatanlığının genişləndirilməsinə yönəlib. Bu layihə Özbəkistanın sosial infrastruktur sahəsində ilk irimiqyaslı dövlət-özəl tərəfdaşlığı sazişi olacaq və proqnozlara görə, regionda analoji təşəbbüslərin işə salınması üçün presedent yaradacaq.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər