3 C
Baku
Saturday, December 14, 2024

Ehtiyat Treydinq (Margin trading)

Müəllif:Fariz Hüseynov , Şimali Dakota Dövlət Universitenin maliyyə müəllimi

Maliyyə bazarlarında investorların iflas etməsinin əsas səbəblərindən biri onların yüksək dərəcədə borclanmasıdır. Maliyyə alətlərinə investisiya edərkən investorlar müxtəlif şəkildə borclana bilərlər.

Bunlardan biri brokerdən alınan borc vasitəsilə investisiya edilməsidir. Bunun üçün broker investora kifayet qədər güvənməli və onların müəyyən əməkdaşlıq əlaqələri olmalıdır. Bu prosesə nəzər salaq.

Fərz edək ki, investor A şirkətinin 100 səhmini almaq istəyir. Səhmlərin bazar qiyməti 10 AZN olsun. Deməli, investor 1000 AZN ödəməlidir. Ancaq investor bunun müəyyən hissəsini brokerdən borc almaq istəyir. Dövlət tərəfindən ehtiyat treydinqdə borc həddinə müəyyən limit qoyulur. ABŞ-da investor treyding həcminin maksimum 50%-i qədər borclana bilər. Deyək ki, broker ilkin investisiya üçün 60% ehtiyat tələb edir. Deməli, investor səhmləri almaq üçün 600 AZN ödəməlidir. Geri qalan 400 AZN isə brokerdən borc alır. Səhmlərin qiyməti düşərsə investorun aldığı borcu geri qaytarma ehtimalı azaldığı üçün brokerlər ehtiyatın aşağı həddini müəyyən edirlər. Məsələn, broker 30% aşağı hədd tətbiq edirsə, yəni ümumi investisiyanın (1000 AZN) tərkibində investorun payı 30%-in altına düşərsə investor hesabına vəsait əlavə etməli və ilkin – 60% həddinə çatmalıdır.

Borc alaraq investisiya etməyin riski yüksəkdir. Həm yüksək gəlir əldə etmək olar, həm yüksək zərər yarana bilər. Çünki investisiya müddəti başa çatandan sonra investor brokerdən aldığı borcu və onun faizini qaytarmalıdır. Deyək ki, səhmin qiyməti bir il sonra 15 AZN olsun və broker verdiyi borc üçün investordan 5% faiz tələb etsin. Bu zaman investorun gəlirliliyi belə hesablanır:

[Satışdan əldə olunan gəlir – borc – borcun faizi – şəxsi investisiya] / [şəxsi investisiya]

Rəqəmlərlə ifadə etsək:

[1500 – 400*(1+0.05) – 600] / 600 = 480 / 600 = 80%.

İnvestor borc almadan investisiya etsə idi onun gəliri [1500-1000]/ 1000 = 50% olacaqdı. Aradakı fərq ondan irəli gəlir ki, investor borc alaraq öz investisiyasını azaldır və beləliklə mənfəətin investisiya həcminə nisbəti yüksək olur.

İndi isə fərz edək ki, qiymət 8 AZN olur. Bu zaman ehtiyat treydinqindən istifadə edən investorun zərəri [800 – 400*(1+0.05) – 600] / 600 = – 220 / 600 = – 37% olacaq. Əgər investor borc almasa idi, onun zərəri sadəcə [800-1000]/ 1000 = – 20% olardı. Bu bir daha onu göstərir ki, ehtiyat treydinqi çox risklidir.

Bəs hansı qiymət həddində broker investora ehtiyat çağırışı (margin call) edəcək və investorun hesabına vəsait əlavə etməsini tələb edəcək? Yuxarıdakı nümunədə broker bu həddi 30% müəyyən etmişdir. Qiymət həddini belə hesablamaq lazımdır:

[Səhmlərin sayı*Qiymət – Borc miqdarı] / [Səhmlərin sayı*Qiymət] = Ehtiyat çağırış həddi

[100*P – 400] / 100P = 0,30

P=5,71 AZN.

Burada alınan borcun faizini əlavə etməmək də olar. Deməli səhmin qiyməti 5,71 AZN-yə qədər azalarsa investorun ehtiyatı ümumi portfel dəyərinin 30%-i olacağı üçün broker investora ehtiyat çağırışı edib onu portfeldəki payını 60%-ə çıxartmağa çağıracaq.

Maliyyə böhranından əvvəlki dövrlərdə (2003-2006) faizlərin aşağı olması brokerləri aşağı faizlə investorlara borc verməyə sövq etmişdir. Bu da investorların risk iştahını artırmışdır. Yuxarıda göstərdiyimiz kimi qiymət artarkən ehtiyat treydinqin gəlirliliyi çox yüksək olsa da, qiymətlər azalanda investor böyük həcmdə zərər edir. Qiymət brokerin müəyyən etdiyi ehtiyat çağırış həddinə çatarsa investor hesabına pul əlavə etmək üçün, bəlkə də, portfelində əlavə səhmləri satmalı olur. Səhmin alış likvidliyi yoxdursa, yəni bazarda onun kifayət qədər alıcısı yoxdursa, investor qiyməti azaltmalıdır ki, bu da öz növbəsində onun bütün portfelinin dəyərini düşürür. Beləliklə investor ehtiyat-likvidlik spiralı adlanır. Bu spirala məruz qalan investorun iflas etməsi çətin deyil. Təəssüf ki, bu riski düzgün qiymətləndirməyən böyük banklar və investisiya fondları 30-40 dəfə artıq (1 manat öz investisiyaya 30-40 manat borc nisbəti) borclanmışdı. Böhran zamanı onları xilas etmək qeyri-mümkün idi.

Son xəbərlər
Digər xəbərlər