Özəl sektor tərəfindən ekoloji nəqliyyat vasitələri ilə bağlı hazırlanmış xüsusi “Yol Xəritəsi” sənədinin 2-ci əsas istiqaməti olan ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı təkliflərin hazırlanmasına dair bəndin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb.
Bu barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviq edilməsi sahəsində təhlillərin, qiymətləndirmələrin aparılması və müvafiq təkliflərin hazırlanması üzrə” altqrupunun iclasında bildirilib.
Bununla bağlı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən, ölkəyə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələrinin idxal gömrük rüsumundan azad edilməsi təklif olunur.
Nazirlər Kabinetinin Qərar layihəsi işlənib hazırlanaraq aidiyyəti dövlət qurumlarına (İqtisadiyyat, Ədliyyə, Maliyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinə) təqdim edilib. Məlumata görə, layihənin yekun mətni formalaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev diqqətə çatdırıb ki, ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi məqsədilə xüsusi yol xəritəsi hazırlanaraq təsdiq olunub. V.Şıxəliyev yol xəritəsinin hazırlanmasında tematik qrupların gərgin əmək sərf etdiklərini vurğulayıb, sənəddə konkret hədəflərin müəyyənləşdirilməsi və qarşıda duran məsələlərlə bağlı dərin təhlillər aparılmasının uğurlu nəticələr əldə olunması baxımından əhəmiyyət daşıdığını bildirib.
İclas zamanı özəl sektor tərəfindən ekoloji nəqliyyat vasitələri ilə bağlı hazırlanmış xüsusi “Yol Xəritəsi”nin cari ilin birinci rübü ərzində icra vəziyyəti barədə təqdimat nümayiş edildi. Təqdimat zamanı bu sahənin təşviqi məqsədilə təbliğat və maarifləndirmə istiqamətində görülmüş işlər barədə ətraflı məlumatlar təqdim olundu. Dövlət-biznes dialoqu çərçivəsində digər özəl sektor nümayəndələrinin də bu layihəyə maraq göstərdikləri diqqətə çatdırıldı.
Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi rəisinin birinci müavini Səməd Qaralov gündəlikdə duran məsələlərin xüsusi əhəmiyyət daşıdığını bildirib və gömrük orqanları tərəfindən görülən işlər barədə məlumat verib.
Sonra iclasin gündəliyindəki məsələlərlə bağlı müzakirələr aparılıb.
Altqrupun nəzdində yaradılmış 4 tematik qrupların rəhbərləri olan Dövlət Gömrük Komitəsi, Energetika Nazirliyi, Mərkəzi Bank və həmçinin özəl sektorun nümayəndələri təqdimatlarla çıxış edərək bu ilin birinci rübü ərzində görülən işlər barədə məlumat veriblər.
İclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, müvafiq nazirliklər, Dövlət Gömrük Komitəsi, aidiyyəti dövlət qurumları və özəl sektorun nümayəndələri iştirak ediblər.